DSMF-dən həbsdəki jurnalistlərin valideynlərinin pensiya kartının bloklanmasına reaksiya

Son zamanlar həbs edilən jurnalistlərin cinayət işi ilə bağlı indiyədək rast gəlinməyən presedent yaşanır.

Bu, həbsdə olan media nümayəndələrinin ailə üzvlərinin və yaşlı valideynlərinin pensiya kartına həbs qoyulması ilə bağlıdır.

Söhbət jurnalistlər Sevinc Vaqifqızı, Ülvi Quliyev və Əziz Orucovdan gedir. İstintaqın bu barədə qaldırdığı vəsatətləri isə məhkəmələr tərəfindən qanuni istinad olmadan təmin edilir.

Hazırda həbsdə olan jurnalist Əziz Orucovun qardaşı Anar Orucov sosial şəbəkə hesabında “Əzizin iki körpəsi, ailəsi və yaşlı anam aclığa sövq edilir” deyə paylaşım edib.

Onun bu paylaşımı yüzlərlə sosial şəbəkə istifadəçisi tərəfindən təsirli şərhlərlə müşahidə olunub.

Hüquqi dövlətdə məsuliyyətin  fərdiliyin prinsipi  üzərində dayanmasını nəzərə alsaq, o zaman baş verənlərin bir izahı olmalıdır.

Məsələ ilə DİN Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev saytımıza açıqlamasında  adıçəkilən şəxslərlə bağlı istintaq getdiyindən məsələni şərh edə bilməyəcəyini deyib.

Dövlət Sosial Müdafiə Fondunun sözçüsü Rəşad Mehdili isə mövzu barədə sorğumuzu yarımçıq cavablandırmaqla kifayyətlənib.

“Dövlət Sosial Müdafiə Fondu tərəfindən sözügedən şəxslərin pensiya kartlarına bloklanma və ya məhdudiyyət proseduru tətbiq edilməyib. Qeyd edilən məsələ ilə bağlı müvafiq banka müraciət olunması tövsiyə olunur” deyən DSMF sözçüsü məhdudiyyətin qanuni olub-olmamasını şərh etməyib.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info