DSX Cəbrayılda əməliyyat keçirdi: Külli miqdarda narkotik aşkarlandı -FOTO

Yanvar ayının 20-də saat 18:35-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonunun Şükürbəyli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidməti məlumat yayıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Araz çayının sahilində gizlədilmiş 2 ədəd bağlamada, ümumi çəkisi 13 kiloqram 130 qram narkotik vasitə (9 kq 880 qram marixuana, 3 kq 250 qram tiryək və 2000 ədəd “metadon M-40” psixotrop həbləri) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.