DTX əməliyyat keçirdi: Taliban üçün döyüşən azərbaycanlılar həbs edildi – FOTO/VİDEO

  • By admin
  • 07 May 2021 16:02

Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxslər həbs olunub.

Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının milli təhlükəsizlik maraqlarına yönələn təhdidlərin, terror-təxribat və digər pozuculuq fəaliyyətinin vaxtında aşkar edilməsi və qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks mübarizə tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının vətəndaşlarının ölkə hüdudlarından kənarda, digər dövlətlərin ərazisindəki qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmələri ilə əlaqədar toplanmış materiallar əsasında əməliyyat-istintaq tədbirləri aparılıb.

Araşdırmalar nəticəsində, Azərbaycan Respublikasının vətəndaşları – 1977-ci il təvəllüdlü Məmmədov Yəhya Şərməddin oğlunun, 1985-ci il təvəllüdlü Cəbiyev Elnur Güloğlan oğlunun və qeyrilərinin ölkə hüdudlarından kənarda aparılan münaqişələrdə qanunsuz silahlı birləşmələrin tərkibində iştiraklarına dair əsaslı şübhələr müəyyən edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yəhya Məmmədov və Elnur Cəbiyevin müvafiq olaraq 2010-cu ilin noyabr və dekabr aylarında ölkəni tərk edərək əvvəlcə İran İslam Respublikasına, oradan isə qeyri-leqal yollarla Pakistan İslam Respublikasına keçdikləri və həmin ölkənin Şimali Vəziristan və Uruqzay vilayətlərində “Taliban” hərəkatına tabe olan “Səlahəddin” camaatının tərkibində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etdikləri məlum olub.

Gununsesi.info