Azərbaycan Respublikasının Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya olunduğu ərazilərində qanunsuz erməni silahlı birləşmələrinin törətdikləri və insanların həlak olması ilə nəticələnmiş çoxsaylı terror aktları ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətində ibtidai istintaq davam etdirilir.
Gununsesi.info xəbər verir ki, bu barədə DTX məlumat yayıb.
Məlumata görə, əldə olunmuş sübutlar əsasında, Ermənistan Respublikasının vətəndaşı, 1971-ci il təvəllüdlü Manukyan Davit Azati tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar terrorçuluq), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama və daşıma), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələrində ehtiva olunan cinayət əməllərinin törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda o, həmin terrorçu dəstələr vasitəsilə Azərbaycanda ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına, əmlakına ziyan vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlərlə müşayiət olunan terror aktlarının törədilməsinin təşkilində iştirak edib.
Davit Manukyan 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilmiş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.