DTX icra başçısının ətrafında əməliyyat keçirdi

  • By admin
  • 13 İyun 2016 17:18

nizamedd

Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Goranboy rayonunda böyük əməliyyat keçirib. Rayon sakinlərindən verilən məlumata görə, yerli polisin də iştirak etdiyi əməliyyatda dövlətin təbii sərvətini ələ keçirməyə çalışan bir neçə məmur saxlanılıb. Belə ki, rayonun Tapqaraqoyunlu kəndində yerləşən, aprel döyüşlərinə qədər neytral zonada qalan Qızıl Kurqan deyilən ərazidə gizli qazıntı işləri aparan şəxslər bu ayın 11-dən 12-ə keçən gecə ifşa olunub.

Məlum olub ki, cəbhədəki son döyüşlərdən sonra tam nəzarətimizə keçən həmin ərazi bir sıra yerli məmurlar tərəfindən neçə gündür, ekskavatorlarla qazılır. Güman edilir ki, həmin ərazidən qızıl çıxarılırmış.

Məlumata görə, əməliyyat vaxtı əraziyə nömrəsiz avtomobillə gəlmiş icra başçısının Fuad Əliyev adlı köməkçisi, eləcə də 22 AA 010 xidməti avtomobillə orada olan rayon Su-Kanal İdarəsinin rəis müavini Misir Ələkbərov və bir neçə başqa vəzifəli şəxslər DTX əməkdaşları tərəfindən saxlanılıb. Hazırda ərazidə axtarış tədbirləri aparılır. Sakinlərin bildirdiyinə görə, qızıl kurqanında qazıntı işlərinə yüksək vəzifəli şəxslər, eləcə də iş adamları rəhbərlik edirmiş. Saxlanılan məmurlar isə həmin adamların yaxın qohumlarıdır.

Son məlumatlara görə, Goranboy rayon İcra başçısının müdaxiləsindən sonra F.Əliyev sərbəst buraxılıb.
Məsələ ilə bağlı Rayon İcra Hakimiyyətindən məlumatsız olduqlarını, başçının Fuad Əliyev adlı köməkçisinin isə bir neçə gündür işə gəlmədiyini bildiriblər (aznews.az).

Gununsesi.info-nun araşdırması zamanı isə bu qanunsuzluğun birbaşa Goronboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev tərəfindən edildiyi bəlli olub. DTX-nın əməliyyatından sonra icra başçısının “vurulacağı” istisna deyil.

Onu da xatırladaq ki, Nizaməddin Quliyev Ağcakənd qəsəbəsində on kilometrlərlə su borularını da satdırıb.