DTX-nın həbs etdiyi XİN işçiləri məhkəmə qarşısında - TENDER YOLU İLƏ 2 MİLYONDAN ÇOX MƏNİMSƏYİBLƏR

  • By admin
  • 11 Avqust 2021 19:12

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) İşlər İdarəsinin keçmiş müdiri, nazirliyin Tender Komissiyasının sədri olmuş Fərhad Mollazadə və Təsərrüfat şöbəsinin sabiq rəhbəri Səlim Əlizadənin məhkəməsi keçirilib.

Gununsesi.info-nun məhkəmədə iştirak edən əməkdaşının xəbərinə görə, prosesdə dövlət ittihamçısı cinayət işi barədə ittiham akrını elan edib.

HTML tutorial

İttihama görə, adıçəkilən şəxslər  tenderlər yoluyla 2 milyon 543 min manatlıq mənimsəmədə ittiham olunur. İttihama əsasən, nazirlikdə dəftərxana ləvazimatları, suvenir, hədiyyələr və s. alınması üçün keçirilən tenderlər bir çox hallarda formal olub. Heç bir fəaliyyəti olmayan şirkətlər qalib elan edilib. Büdcədən ayrılan vəsaitlər həmin şirkətlərin bank hesabına köçürülüb.

Şirkət rəhbərləri tərəfindən nağdlaşdırılaraq, Fərhad Mollazadə və ya Səlim Əlizadəyə geri qaytarılıb. Şirkət rəhbərləri və ya vasitəçilərə isə verginin ödənilməsi üçün vəsait, bir də ümumi vəsaitin 2-3 faizi qədər əlavə qazanc verilib.

Fərhad Mollazadə və Səlim Əlizadəyə qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) və 308.2 (vəzifə səlahiyyəyətlərindən sui-istifadə etmə) maddələrilə ittiham irəli sürülüb. İttihama münasibət bildirən Fərhad Mollazadə və Səlim Əlizadə özlərini qismən təqsirli bildiklərini deyiblər. Onlara ifadə vermək təklif olunsa da, indiki mərhələdə ifadə verməkdən imtina ediblər. Bildiriblər ki, ifadə verəcəklər, lakin zərərçəkmiş statusunda tanınan Xarici İşlər Nazirliyinin nümayəndəsi və şahidlər dindiriləndən sonra.

Nazirliyin nümayəndəsi ifadəsində deyib ki, ittihamda göstərilən məbləğin tam ödənilməsini tələb edirlər.

Fərhad Mollazadənin vəkili Kamandar Nəsibov bildirib ki, ziyanın bir hissəsi ödənilib və bu məlumat ittiham ittiham aktında da əksini tapıb. Ona görə qərar verilib ki, zərərçəkmişin nümayəndəsi bütün məsələləri dəqiqləşdirsin, növbəti məhkəmə iclasında yenidən dindirilsin.

Məhkəmədə şahidlər də dindirilib. Dəfələrlə şirkətlərin hesablarına köçürülmüş vəsaitlərin nağıdlaşdırılıb geri qaytarılmasında adı hallanan şahid Rövşən Məmmədov bildirib ki, təqsirləndirilən şəxslərdən Səlim Əlizadəni tanıyır. Onun sözlərinə görə, vaxtilə “Əmrahbank”da işləyəndə Xarici İşlər Nazirliyinin tenderlərində qalib gələn şirkətlərdən bir çoxunun hesabları həmin bankda idi: “Bankda şirkətlərin hesabları olub. Şirkətlər tenderlərdə iştirak edirdi. Onların hesabına pullar gəlirdi. Şirkətlərin direktorları çıxarırdı. Səlim müəllim gəlib götürürdü. Mənim də qazancım o olurdu ki, bankın dövriyyəsi çox olurdu”. Sözügedən şirkətlərdən birinin rəhbəri Rza Hümbətəliyev də şahid qismində ifadə verib. O, bildirib ki, adına şirkət açılsa da, heç nədən xəbəri yoxdur: “Hər şeyi Rövşən müəllim (bankın əməkdaşı Rövşən Məmmədovu nəzərdə tutur) həll edirdi. Mənə köçürülən puldan 2 faiz verirdilər. Mən o pulu xərcləyib dolanırdım. Tutaq ki, 100 min köçürürdülər, mənə 2000 manat çatırdı. Qalan heç nədən mənim xəbərim olmurdu. Pulu çıxarıb verməyi də Rövşən müəllim edirdi”.

Qeyd edək ki, Fərhad Mollazadə deputat Asim Mollazadənin əmisi oğludur.

Taryel 

Gununsesi.info