Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Neftçala İcra Hakimiyyətində keçirilən əməliyyat çərçivəsində otağına baxış keçirilən icra başçısının müavini, deputatlığa namizəd Gültəkin Sadıqova vəzifəsindən rəsmən azad olunub.
Gununsesi.org bildirir ki, bu barədə Unikal.org-a Neftçala Rayon İcra Hakimiyyətinin Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Burcalı Ağayev məlumat verib.
İH rəsmisi bildirib ki, Gültəkin Sadıqova hazırda azadlıqdadır və barəsində məhkəməyə təqdimat verilməyib:
“Onun barəsində iltizam qətimkan tədbiri seçilib və tutduğu vəzifəsindən azad olunub. G.Sadıqova dünən icra hakimiyətindəki otağını da boşaldıb”.
Qeyd edək ki, DTX əməkdaşları G.Hacıyevanın otağına baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.