DTX Vətən müharibəsində Ermənistanın S-300 raketlərinin yerlərini müəyyənləşdirmək üçün hazırladığı əməliyyat planını açıqlayıb

  • By admin
  • 29 Mart 2022 16:05

“Vətən müharibəsi zamanı Sərhəd Qoşunlarında AN-2 təyyarələrilə düşmən üzərinə plan qurulmuşdu. Hədəf Hava Hücumundan Müdafiə (HHM) sistemləri olan S-300 raketlərinin yerini təsbit etmək idi. Buna görə də bizə tapşırıq gəldi ki, düşmənin HHM sistemlərinin yerinin təsbit edilməsi və hətta bu olmasa belə təyyarələrin konkret olaraq hədəflərə çırpılması nəticəsində böyük partlayış və dağıntıların yaradılması, eləcə də düşmən tərəfinin itkilər verməsi məqsədilə nə hazılaya bilərik? Bizim mütəxəssislərimiz də aviasiya bombalarında partlayıcı mexanizmləri dəyişməklə, ora elektron partlayıcı qurğuları yerləşdirməklə və məişətdə istifadə olunan maddələrdən istifadə etməklə əldədüzəltmə partlayıcı qurğular hazırlamaq qərarına gəldilər”.

Gununsesi.info xəbər verir ki, bu barədə İctimai televiziyanın efirində yayımlanan “Görünməyən qəhrəmanlar – DTX” adlı sənədli filmdə səsləndirilib.

“Vaxtımız çox az idi deyə, altı gün ərzində demək olar ki, fasiləsiz olaraq biz o qruğuları hazırlayıb təhvil verdik. 20 ədəd AN-2 təyyarəsinin hərəsinə 260 kq həcmində partlayıcı qurğular hazırlanmışdı. Bu partlayıcı qurğular hazırlandıqdan öncə bunun testini apardıq və partlama mexanizmini yoxladıq ki, Dövlət Sərhəd Xidmətinin pilotları bu qurğulardan istifadə edən zaman heç bir təhlükə ilə rastlaşmasınlar. Bir təyyarəyə, təxminən, 260 kq çəki dərəcəsində əldədüzəltmə partlayıcı qurğular yerləşdirilmişdi. Bu da ümumilikdə, beşmərtəbəli yaşayış binasının tam dağıtmaq gücünə malikdir. AN-2 təyyarələrini birinci partlayışda gördükdən sonra HHM sistemlərinə aid olan raketlərdən istifadə edib-etməməklə bağlı tərəddüd etdilər.

Amma sonradan gördülər ki, partlayışın gücü və dalğası çox böyükdür və itkilər verirlər. Bununla da HHM sistemlərindən istifadə edib-etməməklə bağlı çaşqın vəziyyətdə qalmışdılar. Çünki düşünürdülər ki, təyyarələr məhv edilsə, HHM sistemlərinin yerləri təsbit olunacaq, amma təyyarələr məhv edilməsə, itkiləri olacaq. Beləliklə, əməliyyat planımız hazırlandığı kimi tam yerinə yetirildi. 20 təyyarədən 19-u tam olaraq hədəfə getdi”, – filmdə bildirilib.