Xarici xüsusi xidmət orqanları ilə gizli əməkdaşlıqda iştirak edən şəxs ifşa olunub.
Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən məlumat yayılıb.
Belə ki, xarici xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının milli təhlükəsizliyinə yönəlmiş kəşfiyyat-təxribat fəaliyyətinin aşkarlanması və qarşısının alınması məqsədilə davam etdirilən əməliyyat-istintaq tədbirləri zamanı 1969-cu il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı Fərzəliyev Siyafət Heydər oğlunun dövlətə xəyanət etməsi ilə bağlı əsaslı şübhələr yaranıb.
Araşdırmalarla müəyyən edilib ki , Naxçıvan Muxtar Respublikasının sakini Siyafət Fərzəliyev xarici ölkələrə səfər edərkən, həmin dövlətin xüsusi xidmət orqanlarının nümayəndələri ilə maddi qazanc müqabilində gizli əməkdaşlıq edib və ölkəyə qayıtdıqdan sonra onların tapşırığı ilə Naxçıvan şəhəri və Şahbuz rayonu ərazilərində yerləşən hərbi və digər strateji əhəmiyyətli obyektlərin video çəkilişlərini apararaq xarici xüsusi xidmət orqanlarının nümayəndələrinə ötürüb.
Bundan əlavə, adı çəkilən şəxsin yaşadığı mənzildə aparılan axtarış zamanı oradan “Kalaşnikov” tipli avtomat silahının ayrı-ayrı hissələri aşkar edilərək götürülüb.
Siyafət Fərzəliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komponentlərini, döyüş sursatını, partlayıcı maddələri və qurğularını əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 274-cü (dövlətə xəyanət) maddələri ilə ittiham olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.













