Dubay şirkəti Rasim Məmmədovun müsadirə olunmuş əmlakı ilə bağlı məhkəməyə müraciət etdi

  • By admin
  • 19 İyul 2023 09:54

Dubay şirkəti “RMH General Trading” DMCC “Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun əmlaklarından birinin müsadirədən azad edilməsi tələbi ilə məhkəməyə müraciət edib.

Gununsesi.info xəbər verir ki, söhbət Sumqayıt şəhərində yerləşən “Baku Non Ferrous And Foundry Company”dən gedir.

Müraciəti onunla əsaslandırıb ki, “Baku Non Ferrous And Foundry Company”nin təsisçisi “RMH General Trading” DMCC-dir və Rasim Məmmədova heç bir aidiyyəti yoxdur. Xarici şirkət sözügedən əmlakın avadanlıqları ilə birgə müsadirə edilməsinin onların maraqlarına toxunduğunu, mülkiyyət hüququnu pozduğunu qeyd edib.

Bakı Ağır Cinayətlər Məhkəməsi apellyasiya şikayətinin verilməsi üçün prosesual müddətin başa çatdığını əsas gətirərək müraciəti rədd edib. Şirkət qərardan narazı qalaraq apellyasiya şikayəti verib. Lakin bu dəfə də müraciətləri əsassız sayılıb.

Qeyd edək ki, Rasim Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 185 milyon manatlıq yeyintidə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, onun Bakı Oksford Məktəbinin binası da daxil olmaqla 70 milyonluq əmlakı müsadirə olunub.

Gununsesi.info