“Dünənki hadisədən sonra tam haqqımız çatır ki, Ermənistana 5-10 qat artıq cavab verək” - ELXAN ŞAHİNOĞLU

  • By admin
  • 05 İyul 2017 16:00

elxan sahinoglu

“Ermənistan son illər atəşkəsə riayət etmir, status-kvonu qoruyub saxlamağa çalışır. Ona görə də işğalçılar Azərbaycan ordusunun təzyiqini öz üzərində hiss etməlidir. Bu, Azərbaycanın haqqıdır”. 

Gununsesi.info xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində dinc sakinlərin ölümü və yaralanmasına münasibət bildirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

O bildirib ki, bu təzyiq o vaxta qədər davam etməlidir ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltsın:

“Bu, yorucu müharibə olmalıdır. Biz bütün mənalarda Ermənistanı yormalıyıq, çünki işğalçının potensialı çox aşağı səviyyədədir. Artıq Ermənistan vətəndaşları əsgərlikdən də yayınırlar. Dünən özləri xəbər yaymışdılar ki, 11 mindən çox erməni gənci qeyri-qanuni yollarla əsgərlikdən yayınıb. Bu, çox böyük rəqəmdir. Deməli, artıq bizim yorucu müharibənin müəyyən nəticələri var. Onlar görürlər ki, işğal davam etdikcə, gəncləri Dağlıq Qarabağda həlak olurlar. Ona görə də çoxları övladlarını gizlətməyə çalışırlar ki, Dağlıq Qarabağa getməsin. Bu mənada Azərbaycanın təzyiqi davam etməlidir. Dünənki erməni təxribatına gəldikdə, müharibə vəziyyətində hər iki tərəfdən hərbçilərin həlak olması müəyyən dərəcədə izaholunandır ki, müharibə gedir. Ancaq mülki obyektləri hədəf alırlarsa, qarşı tərəf elə bir zərbə almalı və elə bir uzaq məsafəyə sıxışdırılmalıdır ki, artıq mülki hədəfləri vura bilməsin. Bizim dünənki hadisədən sonra tam haqqımız çatır ki, əlimizdə olan bütün silah və sursat hesabına Ermənistana 5-10 qat artıq cavab verək. Müdafiə naziri də bir neçə ay əvvəl bəyan etmişdi ki, öldürülən hər bir vətəndaşımızın əvəzinə işğalçı 5-10 qat itki verəcək. Ona görə də, təxribatın cavabı verilməlidir. Gələn xəbərlərdən görünür ki, qarşı tərəf də böyük itkilər verir, sadəcə, bu itkiləri gizlətməyə çalışırlar”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri qeyd edib ki, beynəlxalq təşkilatlara da bu məsələlərlə bağlı məlumatlar çatdırılmalıdır: “Mən sosial şəbəkələri də izləyirəm. Görürəm ki, artıq ingilis, rus və digər dillərdə həm sıravi vətəndaşlar, həm rəsmilər, həm deputatlar bu istiqamətdə çox fəal işləyirlər, beynəlxalq təşkilatlar məlumatlandırılır. Əlaqələri olan şəxslər xarici mediaya çıxmağa çalışırlar. Çünki öldürülən yaşlı qadının və körpənin fotoları da əlimizdə var, bunlar əyani vəsaitlərdir və həmin xəbərlərə əlavə olunmalıdır. Son hadisə həm də onu göstərir ki, işğalçı Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldan deyil, əksinə, azğınlaşır. Bu azğınlığın qarşısında Ermənistan ordusuna təzyiq bir az da artırılmalıdır. Ermənistan ordusunun itkiləri artmalıdır və mesajımız erməni cəmiyyətinə olmalıdır. Çünki Azərbaycan torpaqlarının işğalına, Xocalı soyqırımının törədilməsinə Ermənistanda hazırda hakimiyyətdə olanlar başçılıq ediblər və onlar geri çəkilən deyillər. Biz təzyiqi artırmaqla Ermənistan cəmiyyətinə mesaj göndərməliyik ki, hakimiyyətləri bu siyasəti davam etdirdikcə onların övladlarını işğal altındakı Azərbaycan ərazilərində böyük təhlükələr gözləyir və sağ qayıtmaya da bilərlər. Ermənistan cəmiyyətinə mesaj olmalıdır ki, hakimiyyətlərinə təzyiq etsinlər və hakimiyyətləri bu siyasətdən əl çəksinlər. Lakin əgər bunu etməyəcəklərsə, biz hazırda erməni cəmiyyətində bu istiqamətdə aktivlik də görmürük, təzyiqlərimiz artmalıdır. Bununla bərabər, biz çalışmalıyıq ki, mülki əhalinin də təhlükəsizliyi barədə düşünək”.

E.Şahinoğlu nəzərə çatdırıb ki, keçən ilin aprel hadisələrində mülki obyektləri də hədəf alan işğalçının əsas məqsədi Azərbaycan cəmiyyətinin gözünü qorxutmaq olub: “Təəssüf ki, 1990-cı illərdə kənd və qəsəbələrimizin boşalmasına dair faktlar olurdu.  Amma keçən ilin aprelində bir vətəndaşımız belə dədə-baba torpaqlarını tərk etmədi. Bu, ciddi bir mesaj idi. İndi də düşünüblər ki, Füzulinin Alxanlı kəndini minaatanlarla atəşə tutmaqla cəmiyyətimizi qorxuda bilərlər. Ancaq vətəndaşlarımız öz yerlərinə qalır, yaşayırlar. Bu, ordu üçün də bir mənəvi dəstəkdir. Ordu savaşarkən arxasında xalqın nəfəsini duymalıdır. Bu, bir növ Böyük Vətən Müharibəsinə bənzəyir. Alman faşistləri Moskvaya yaxınlaşanda şəhərin boşaldılması məsələsi vardı. Amma Moskva boşaldılmadı, alman faşistləri ilə savaşda sovet qoşunları arxada Moskvanın olduğunu, mülki vətəndaşların olduğunu bilərək, anlayaraq alman faşistlərinə zərbələr endirdilər və onları Berlinə qədər qovdular. Bizim ordu da arxasında vətəndaşlarımızın yaşadığını, mülki obyektlərin olduğunu görərək savaşı genişləndirməli, təzyiqi artırmalıdır. Biz apreldə bir neçə yüksəkliyi azad etdik. İndi də işğalçı mülki obyektləri hədəf alırsa, ilkin mərhələdə Dağlıq Qarabağ ətrafında əməliyyatları daha da genişləndirmək lazımdır. Buna görə heç kim bizi qınaya bilməz”.

Politoloq Qabil Hüseynli baş verən son hadisənin çox ürəkağrıdıcı olduğunu vurğulayıb: “Çar Rusiyasının Azərbaycanı işğalından, Qərbi Azərbaycana, Dağlıq Qarabağ ərazisinə ermənilərin köçürülməsindən sonra azərbaycanlılara qarşı ermənilərin müxtəlif xarakterli terror hərəkətləri və bəzi hallarda açıq genosidə keçən addımları var. Bu, həm Qərbi Azərbaycandan azərbaycanlıları deportasiya edən zaman, həm də Dağlıq Qarabağ və onun ətrafındakı qədim Azərbaycan torpaqlarından mülki əhalinin deportasiyası zamanı baş verib. Bunların içərisində yaddaşımıza yaxın dövrdə baş verən Xocalı soyqırımını, o cümlədən Qarabağlı soyqırımını göstərə bilərik.  Məsələn, Qazağın Bağanis Ayrım kəndinə ermənilər od vurub yandırdılar. Cəmi bir neçə insan xilas ola bildi, insanlar öz evlərində yandılar. Bunlar hamısı insanlıq əleyhinə cinayətlərdir. Son zamanlar da ermənilər işğal etdikləri Azərbaycan torpaqlarından çıxardıqlarını çıxarıblar, təmas xəttində min bir əziyyətlə yaşayıb, güzəranlarını təmin edən insanlara qarşı terror əməliyyatları həyata keçirirlər. Biz məsələnin daha çox siyasi tərəfinə diqqət yetiririk və hüquqi tərəfinə o qədər də diqqət yetirmirik. İstənilən soyqrıım hadisəsi soyqırım kimi dəyərləndirmək üçün məhkəmələrdən keçməli və hüquqi status almalıdır. Bu nöqteyi-nəzərdən mən 1905, 1907, 1918-1920-ci il hadisələrini demirəm, 1988-ci ildən bu yana ermənilər Azərbaycanın mülki əhalisinə qarşı çox böyük terror aktları törədiblər. Bu gün də Füzulinin Alxanlı kəndində 2 nəfərin ölümü, bir nəfərin yaralanması ilə müşayiət olunan erməni vandalizmi geniş araşdırılmalıdır. Düzdür, Azərbaycanın hüquq-mühafizə orqanları bu barədə fikir bildiriblər. Amma təkcə bu kontekstdə yox, ümumiyyətlə, ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlər kontekstində məsələyə yanaşıb, bu hadisələri törədənlərin adlarını üzə çıxarmaq, onları məhkəmə yolu ilə cəzalandırmaq lazımdır. Eyni zamanda bu məsələləri beynəlxalq tribunallarda qaldırmaq lazımdır. Yuqoslaviya dağılarkən serblər bosniyalılara və digər xalqlara qarşı soyqırım hadisələri törətmişdilər. Buna görə keçmiş Yuqoslaviyanın prezidenti Slobodan Miloşeviç və Bosniyadakı serb azlığının rəhbəri həbs edildilər və beynəlxalq tribunalda mühakimə edildilər. Biz şifahi şəkildə, jurnalist yazılarında Serj Sarkisyanı əlləri azərbaycanlıların qanına batmış səhra komandiri adlandırırıq. Amma hüquqi anlamda həm Serj Sarkisyan, həm Robert Köçəryan, həm Seyran Ohanyana, ümumiyyətlə, erməni cəlladlarına qarşı hüquqi anlamda ciddi araşdırma başlamalı və onlar haqqında məhkəmə hökmü çıxarılmalıdır. Bundan sonra məsələni beynəlxalq müstəviyə çıxarılmalıdır. Digər tərəfdən, erməni əsgərlərinin Azərbaycan torpaqlarında nə işi var ki, öldürülsünlər? Həm də işğalçı tək Azərbaycan əsgərlərinin deyil, mülki əhalinin də qanına susayıb. Azərbaycan bu məsələdə tək siyasi sahədə deyil, hüquqi müstəvidə işlər aparmalıdır. Bu, erməni vandalizminin, faşizminin mahiyyətini və iç üzünü aşkara çıxarmaq üçün böyük rol oynaya bilər. Artıq bıçaq sümüyə dirənib. Biz erməni cəlladları ilə beynəlxalq məhkəmələrin, tribunalların dili ilə danışmalıyıq, məsələnin hüquqi  aspektlərinə də xüsusi diqqət yetirməliyik”.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və qumbaraatanlardan atəşə tutulub. Nəticədə kənd sakinləri – 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

Gununsesi.info