Dünəndən bu günə regionların inkişafı: sosial-iqtisadi yüksəlişin YENİ YOL XƏRİTƏSİ

  • By admin
  • 17 Sentyabr 2021 15:45

Hələ 2003-cü ildən Prezident İlham Əliyevin sərəncamı ilə regionların iqtisadi inkişaf proqramı çərçivəsində əyalətlərdə sosial və iqtisadi dirçəlişlər yeni mərhələyə qədəm qoydu. Ölkəmizin turizm potensialı inkişaf etməyə başladı. Kənd təsərrüfatı sahəsində irəliləyişlər də göz önündədir. Yaradılmış münbit şərait nəticəsində yerli və xarici investorların bölgələrimizə axını davam edir.

2020-ci ilin dekabrından başlayaraq Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərimizə xüsusi diqqət göstərməyə başladı. Birbaşa ölkə başçısının rəhbərliyi altında Şuşa şəhəri sürətli şəkildə dirçəlməkdədir. Füzulidə hava limanı tikilərək istifadəyə verildi. Laçın və Zəngilanda da beynəlxalq hava limanları tikilməkdədir. “Ağıllı kənd” və “ağıllı şəhər” layihələri icra olunur. Digər əyalətlərimizlə yanaşı, işğaldan azad olunmuş ərazilərimizdə də kənd təsərrüfatı və turizmin, eləcə də digər sahələrin gələcək inkişafı üçün planlı, nizamlı işlər həyata keçirilir.

Onu da qeyd edək ki, Azərbaycanda regionların inkişafı üçün maliyyə vəsaitləri yalnız dövlət proqramları çərçivəsində ayrılmır. Belə ki, statistikaya nəzər saldıqda görürük ki, 2004-cü ildən sonra regionların sosial-iqtisadi inkişafı layihələrinə 4,5 milyard manatdan çox vəsait yönəldilib. Bununla bərabər, Prezidentin sərəmcamları ilə rayon və şəhərlərin inkişafına da milyon manatlarla vəsait ayrılıb ki, bu vəsaitlərin ayrılması regionların sosial inkişafında mühüm rol oynayıb.

İqtisadçı alim, professor Əli Əlirzayev Publika.az-a açıqlamasında söyləyib ki, regionlarda inkişaf üçün ilk növbədə investisiya axını olmalıdır:

“Regionların strateji inkişaf planları hazırlanmalıdır. Dövlət regionların iqtisadi inkişafını xüsusi diqqətdə saxlayır. Bu və ya digər sahibkarlara subsidiyalar ayrılır. Bu, gələcəkdə də davam etdirilməlidir və həcmi daha da artırılmalıdır. Dövlət regionlarda xüsusi məhsullar üçün sifarişlər verməlidir. Bir sıra məhsullar – un, duz, yumurta kimi məhsullar üçün dövlət sifarişi olmalıdır. Buğda əkini üçün dövlət sifarişinin həcminin gələcəkdə də artırılması arzuolunandır. Dövlət regionlardakı sahibkarların problemlərinin həll olunmasına hər zaman diqqət göstərir. Bu diqqət də mütəmadi olmalıdır. Bəzi istehsal məhsullarının həcminin artırılması üçün dövlət sifarişlər verməlidir”.

İqtisadçı alimin fikrincə, regionlarda özəl sektorun və qeyri-neft sahələrinin inkişafı üçün şərait yaradılmalıdır: “Bu kimi məsələlərə gələcəkdə də diqqət yetirilsə, o zaman regionların sosial-iqtisadi inkişafının təşviq edilməsində mühüm irəliləyişlərin şahidi olacağıq. Elə regionlar var ki, onlar münbit potensiala malik deyil, amma onlardan da istifadə etmək lazımdır. O cümlədən dağ royonlarının sosial-iqtisadi potensialları düzgün qiymətləndirilməlidir. Orada infrastruktur yaradılmalıdır. Sərhəd rayonlarında dövlət müəssisələri yaradılmalıdır ki, istehsal edilən məhsullar xarici ölkələrə rahat şəkildə çıxarıla bilsin”.

Əli Əlirzayevin sözlərinə görə, ümumi fikir belədir ki, Azərbaycanda turizm potensialı var: “Amma bu məsələ təkcə təbii sərvətlərdən asılı deyil. Bunun üçün ilk növbədə cəlbedici infrastruktur qurulmalıdır. Eləcə də turistlərə münasibət çox yüksək səviyyədə olmalıdır. Turistlər üçün cəlbedici təbliğat və təşviqatlar hazırlanmalıdır. Regionlardakı turizm obyektləri turistlər üçün qiymətləri münasib etməlidirlər ki, onlarda bir də həmin yerlərə getmək üçün maraq yaransın. Bu istiqamətdə idarəetmə məsələlərinə ciddi şəkildə fikir verilməlidir. İnfrastrukturu daha da genişləndirməliyik. Hər bir rayon öz turizm imkanlarını təhlil etməlidir. Hotellər, digər məsələlər elə olmalıdır ki, turistlərin ciblərinə uyğun olsun”.

Ekspert hesab edir ki, kənd təsərrüfatı da regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi baxımından çox önəmli sahədir: “Başqa sahələr də inkişaf etdirilməlidir. Hətta bu sahə digərlərindən də ön planda olmalıdır. Pambıq istehsalı ilə yanaşı, parça məmulatlarının inkişafına da fikir verməliyik. Meyvə-tərəvəz və şərab istehsalı da ön planda dayanmalıdır. Çünki emal sənayesi üçün Azərbaycanda hər cür inkişaf və perspektiv var. Bu kimi nüanslar gələcəkdə məskunlaşmanı da təmin edəcək”.

Ə.Əlirzayevin sözlərinə görə, Ağdamda məskunlaşma ilə yanaşı, şərabçılığı da inkişaf etdirmək mümkündür:

“Bunun üçün plan tərtib oluna, imkanlar götür-qoy edilə bilər. Çünki vaxtilə Ağdam şərabları bütün SSRİ-də tanınırdı. Yəni bizdə regionların sosial-iqtisadi inkişaf potensialı var. İlk növbədə açılan iş yerlərinin sayı daha da artırılmalıdır. Yaxşı əməkhaqqı verilməlidir. İnfrastruktur daha da inkişaf etdirilməlidir. Fermer ailələrinin regionlarda yaşayış şəraiti daha da yaxşılaşdırılmalıdır. Ən əsas nüans isə sahibkarların xarici əlaqələri, onların xaricə çıxışının təmin olunmasıdır. Bunlar gerçəkləşərsə, o zaman biz gələcəkdə regionlarımızın sosial və iqtisadi inkişafının daha yüksək mərtəbələrə qalxdığının şahidi olacağıq”.

Xüsusilə yaxın tarixə nəzər saldıqda görərik ki, Azərbaycan Prezidenti İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas məqsədi regionların, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərin növbəti illərdə də davam etdirilməsi, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, yerlərdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsidir.

Dövlət Proqramının icrasına ən azı 17 milyard manatdan çox vəsaitin sərf edilməsi nəzərdə tutulur. Bunun da 4,6 milyard manatı özəl sektor tərəfindən hazırda icra edilən və hazırlığı gedən layihələrə investisiya şəklində qoyulacaq. Eyni zamanda iqtisadçıların fikrincə, dövlət tərəfindən təxminən 13 milyard manata yaxın investisiyanın yatırılacağı gözlənilir.

Görülən işlərin nəticəsidir ki, hazırda ölkə üzrə 35 şəhər və rayon büdcədən maliyyələşmir. Çox güman ki, növbəti illərdə bu rayonların sayı daha da artacaq. Bu sırada paytaxt Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Lənkəran, Şəki, Yevlax, Naftalan, Mingəçevir və Şirvan şəhərləri, Ağcabədi, Ağsu, Astara, Beyləqan, Cəlilabad, Daşkəsən, Göyçay, Göygöl, Hacıqabul, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Şəmkir rayonlarının da adları var. Gələcəkdə dörd-beş rayonun adının bu siyahıya əlavə olunduğunu görə bilərik.

Azərbaycanda regionların inkişafına yalnız dövlət dəstəyi göstərilmir. Bəzi beynəlxalq qurumlar da ölkəmizdə regionların inkişafında maraqlı olduqlarını bildirir və bunun üçün müxtəlif layihələr icra edirlər.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin müşavir-elçisi və əməkdaşlıq şöbəsinin müdiri Simona Qattinin sözlərinə görə, Aİ-nin əsas məqsədlərindən biri regionların inkişafı ilə bağlıdır. Qatti hələ 3 il əvvəl bildirmişdi ki, Avropa İttifaqı 2011-ci ildən Azərbaycanda kənd təsərrüfatı sektorunun və kənd yerlərinin inkişafına 17 milyon avro kredit ayırıb. Bura qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sahələri aiddir.

Qəbul olunmuş dövlət proqramlarında nəzərdə tutulan yenidənqurma işləri turizmə müsbət təsir göstərən amillərdəndir. Bu tədbirlər ümumilikdə sahibkarlığın inkişafına, yeni hotellərin açılmasına, mədəni-kütləvi, istirahət obyektlərinin sayının artmasına şərait yaradır. Bu da özlüyündə artıq turistlərin təkcə paytaxta deyil, bölgələrə də üz tutmasını şərtləndirir. Turizmin Azərbaycanda inkişaf etməyən digər sahələrinin, xüsusilə də aqroturizmin inkişafına səbəb olur.

Bir sözlə, bölgələrdə aparılan yenidənqurma işləri turizmin inkişafına əhəmiyyətli təsir göstərib. Qeyri-neft sektorunun inkişafı istiqamətində regionlarda turizmin inkişafı son illərdə əsas prioritetlərdən biri olub. Bölgələrdə turizm ehtiyatlarının genişləndirilməsi, turizm istirahət mərkəzlərinin və onların müasir standartlara uyğunlaşdırılması, turizmin inkişafı ilə bağlı layihələrin icrası davam etdirilməkdədir.

Gununsesi.info