Dünənki antiterror əməliyyatından sonrakı SSENARİDƏ nələr var – ŞƏRH

“Azərbaycanın ötən gün separatçılara endirdiyi zərbələrin iki əhəmiyyəti var. Birinci əhəmiyyəti ondan ibarətdir ki, Rusiya sülhməramlılarının məsuliyyət zonasında post quran separatçıları, onların hərbi texnikasını və nəqliyyat vasitələrini zərərsizləşdirmək mümkündür. İkincisi, separatçılar bundan sonra rus hərbçilərinin arxasında özlərini təhlükəsiz hiss edə bilməyəcəklər”.

Gununsesi.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatı ilə bağlı fikirlərini bölüşərkən deyib.

Politoloq bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla həllini gözləyən məsələləri uzatmaqla özünü radikal müxalifətdən qoruyacağını düşünürdü:

“Amma, əksinə olacaq. Azərbaycan ordusu Qarabağda mövqelərini möhkəmlətdikcə Paşinyana qarşı yenidən küçə yürüşləri başlayacaq. Son zərbələr həm də Paşinyana xatırlatma və psixoloji təzyiq vasitəsidir. Yəni məsələləri uzatma, müharibənin nəticələrinə uyğun olaraq Azərbaycanla sülh sazişi imzala, hərbçilərini Qarabağdan çıxart, kommunikasiya xətlərini aç, əks təqdirdə itkilərin artacaq”.

Elxan Şahinoğlunun sözlərinə görə, Ermənistan bütün dövlətləri və beynəlxalq təşkilatları ayağa qaldırmağa çalışır ki, Azərbaycana təzyiq etsinlər:

“Avropa İttifaqının və ABŞ-ın Azərbaycana ehtiyacı var. Brüssel və Vaşinqtonun Rusiyaya sərt sanksiyaları fonunda bu paytaxtlar Azərbaycan neftinin və qazının köhnə qitəyə daha çox nəqlini istəyirlər. İmzalanan sazişlər var. Üstəlik, Çinin və Mərkəzi Asiya ölkələrinin Azərbaycanın tranzit imkanlarından istifadə etməsi də Brüssel və Vaşinqtonun maraqlarına cavab verir. Vaşinqton və Brüsseldən dəstək gözləmirik, yetər ki, mane olmasınlar. Buna baxmayaraq, Qərbdə erməni lobbisi ilə bağlı ayrı-ayrı fərdlər və mərkəzlər Azərbaycan əleyhinə suyu bulandırmağa çalışacaqlar. Səfirliklərimizin və xaricdəki diplomatlarımızın fəallıqlarını artırması zərurəti var. Erməni separatçıları tələblərimizə əməl etmədikcə, Azərbaycan ordusu da hər dəfə əks-zərbə planları hazırlayacaq. Əsas odur ki, Rusiya müdaxilə etməsin, hərbçilərini qarşıdurmadan uzaq saxlasın”.

Ekspertin fikrincə, Azərbaycan ordusunun axırıncı dəqiq zərbələrindən sonra Rusiya tərəfi yenidən Moskvada tərəflərin görüşünü təşkil etməyə çalışacaq:

“Kreml Bakıya təzyiqi artırmağa çalışacaq ki, onun Qarabağdakı məsuliyyət zonasında toqquşma olmasın. Rusiyanın təzyiqini İkinci Qarabağ müharibəsində olduğu kimi Ankaranın diplomatik fəallığı ilə neytrallaşdırmaq lazım gələcək. Bir neçə gündən sonra Rusiya və Türkiyə prezidentləri Soçidə görüşəcəklər. Kremlin sahibini anlatmaq lazımdır ki, əgər Azərbaycana Qarabağda qanun-qayda yaratmağa mane olsan, bu, Rusiyanın Azərbaycan və Türkiyə ilə münasibətlərinə mənfi təsir edəcək. Rusiyanın Ukraynada işğalçı müharibə və üzləşdiyi sərt sanksiyalar fonunda məntiqlə Azərbaycan və Türkiyə ilə münasibətlərin zəifləməsi Kremlin maraqlarına cavab verməməlidir. Bu məntiqi daim onlara xatırlatmaq lazımdır”.

Gununsesi.info