Dünənki atışmada 2 nəfər ölüb, 24 yaralı var

  • By admin
  • 28 Yanvar 2022 09:45

Ötən gün Tacikistan-Qırğızıstan sərhədində baş vermiş silahlı insident zamanı daha bir Tacikistan vətəndaşı həlak olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Tacikistan sərhəd qoşunlarının mətbuat mərkəzi məlumat yayıb.

“Yanvarın 27-də Tacikistan və Qırğızıstan sərhədçiləri arasında silahlı qarşıdurma nəticəsində iki nəfərin öldüyü və 10 nəfərin yaralandığı məlumdur. Onlardan 6-sı hərbçi, 4-ü mülki sakin olduğu barədə məlumat var”,- mətbuat xidmətindən bildirilib.

Ölənlərdən biri İsfara mərkəzi xəstəxanasının təcili tibbi yardım maşınının sürücüsü Abdulatif Şərifov olub. O, Xocai Alo kəndinin mülki sakinlərini Qırğızıstan tərəfinin minaatan partlamasından xilas edərkən dünyasını dəyişib.

Atışma zamanı həyatını itirən digər şəxs Xocai Alo kəndinin sakini, 1986-cı il təvəllüdlü Tuyçiyev Obidjondır. O, qırğız hərbçilərinin həyətinə atdığı minaatan mərmisinin partlaması nəticəsində ölüb.

Məlumata görə, yanvarın 28-də saat 01.00-da Tacikistan və Qırğızıstanın səlahiyyətli orqanlarının işçi qrupunun iclası keçirilib.

Tacikistanın sərhəd qoşunları qeyd edirlər ki, hazırda sərhəddə vəziyyət sabitdir, hər iki tərəfin müvafiq strukturlarının birgə komissiyası sərhəd münaqişəsinin səbəb və amillərini öyrənir. İki ölkənin regionlarının rəhbərləri arasında əldə olunan razılaşmadan sonra atışma baş verməyib.

Tacikistan və Qırğızıstan sərhədçiləri arasında toqquşmada 17-dən çox Tacikistan və 7 Qırğızıstan vətəndaşı yaralanıb.

Qeyd edək ki, Tacikistanla Qırğızıstan arasındakı sərhədin uzunluğu təxminən 950 km-dir. Sovet İttifaqının dağılmasından sonra iki ölkənin sərhədində mübahisəli ərazilər qalıb. Demarkasiya və delimitasiya ilə bağlı danışıqlar prosesi üzrə komissiya və işçi qrupların 200-ə yaxın iclası keçirilib. Lakin indiyədək iki ölkənin sərhədində tez-tez atışmalar yaşanır.

Gununsesi.info