
Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik Məktəbində Ümumdünya Autizm Haqqında Maarifləndirmə ayı çərçivəsində tədbir keçirilib.
Gununsesi.info xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşları,“Autizm” Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin, “HOMS” Qrupu Səfir Xanımları Cəmiyyətinin nümayəndələri, Liderlik Məktəbinin üzvləri və valideynlər iştirak ediblər.
Aparatın əməkdaşları çıxış edərək BMT-nin 2007-ci il 18 dekabr tarixli qərarına əsasən 2 Aprel tarixinin Ümumdünya Autizm Haqqında Maarifləndirmə Günü kimi təsis olunduğunu, aprel ayının bütün dünyada həm də Autizm Haqqında Maarifləndirmə ayı kimi qəbul olunduğunu diqqətə çatdırıblar.
“Autizm” Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyi tərəfindən 2 aprel tarixində bu günə həsr edilmiş ictimai maarifləndirmə tədbirinin keçirildiyi və Ombudsman Elmira Süleymanovanın həmin tədbirdə iştirak edərək əlilliyi olan şəxslərin, o cümlədən autizm sindromlu insanların, habelə bu qəbildən olan uşaqların hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən fəaliyyətlə bağlı çıxış etdiyi bildirilib.
Müvəkkilin autizm sindromlu insanların, o cümlədən bu qəbildən olan uşaqların hüquqlarının müdafiəsi istiqamətində gördüyü işlər barədə ətraflı məlumat verilmiş, Müvəkkilin təklifinə əsasən “Autizm”, “Daun” və digər sinromlara görə sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması ilə bağlı məsələlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də öz əksini tapdığı vurğulanıb.
Autizm sindromunun təkcə tibbi deyil, həm də sosial və psixoloji problemlərə səbəb olduğunu və buna görə də həmin problemlə mübarizə məqsədi ilə maarifləndirmə işinin genişləndirilməsinin vacibliyi bildirilıb.
Tədbirdə çıxış edən “Autizm” Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin sədri Çiçək Məmmədli XXI əsrin qlobal problemi hesab edilən autizmin ölkəmizdə də ən aktual məsələlərdən olduğunu, dünya əhalisinin bir faizinin, yəni 70 milyon əhalinin autizmə düçar olduğunu və onun rəhbərlik etdiyi təşkilat tərəfindən aparılmış araşdırmaya əsasən ölkəmizdə təxminən 5000 yaxın uşaq və yeniyetmənin bu sindromdan əziyyət çəkdiyini söyləyib.
Ombudsmanın autuzm sinromlu şəxslərə də xüsusi həssaslıqla yanaşdığı və onların mövcud problemlərinin həlli ilə bağlı bir sıra normativ hüquqi aktların hazırlanaraq təsdiq olunması ilə bağlı təkliflər irəli sürüldüyü xüsusi minnətdarlıq hissi ilə vurğulanıb.
Qeyd olunmalıdır ki, Müvəkkil tərəfindən “Autizm sindromlu şəxslərə dövlət qayğısı haqqında” xüsusi bir qanunun qəbul edilməsi, o cümlədən “Autizm sindromunun profilaktikası, müalicəsi, reabilitasiyası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı”nın, “Autizm sindromlu şəxslərin registrinin yaradılması və aparılması Qaydası”nın, “Autizm sindromlu şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin və digər dərman preparatlarının siyahısı və miqdarı”nın, “Autizm sindromlu şəxslərin inyeksiya vasitələri və digər dərman preparatları ilə təminat Qaydası”nın, “Autizm sindromlu şəxslərin və onların valideynlərinin sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydası”nın, beynəlxalq təcrübədən istifadə edilməklə “Autizm sindromunun müalicəsində istifadə olunan yüksək effektli inyeksiya vasitələrinin və preparatlarının Siyahısı”nın hazırlanması ilə bağlı irəli sürülmüş təkliflər bu qəbildəndir.
Daha sonra Ç.Məmmədli autizm sindromunun profilaktikası, müalicəsi və reabilitasiya metodları ilə bağlı hazırladığı təqdimatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə iştirak edən “HOMS” Qrupu Səfir Xanımları Cəmiyyətinin nümayəndələri olan Rumıniya səfirinin xanımı Mihaela İanku və Fələstin Dövləti səfirinin xanımı Rohayu Kutep də çıxış edərək uşaq və yeniyetmələrin iştirakı ilə belə bir əhəmiyyətli mövzuya həsr edilmiş tədbirin təşkilinə və dəvətə görə təşəkkürlərini bildirmiş, autizm sinromlu uşaqların, habelə onların valideynlərinin mövcud çətinlikləri və onların həlli yolları barədə fikirlərini bölüşüblər.
Autizm sindromu, onunla mübarizə yolları, valideynlərin bu barədə düzgün məlumatlandırılması, bu qəbildən olan uşaqların sosial reabilitasiyası, cəmiyyətin onlara münasibətinin müsbət baxımdan dəyişməsi yolları barədə təqdimatlar böyük maraqla qarşılanmış, mövzu ilə bağlı uşaqlar tərəfindən verilən çoxsaylı suallar cavablandırılıb.
Gülnaz Qənbərli
Gununsesi.info











