Dünya Bankı Azərbaycanın ədliyyə sisteminə 50 milyon dollar kredit ayırır - BƏS, BU VƏSAİTLƏR NECƏ XƏRCLƏNİR ?

Azərbaycan hökumətilə Dünya Bankı (DB) arasında ədliyyə sistemindəki islahatların davamı üçün əlavə maliyyə olaraq 50 milyon ABŞ dolları həcmində kredit ayrılmasına dair saziş imzalanıb.

Gununsesi.org bildirir ki, “Report” Dünya Bankına istinadən xatırladır ki, hələ 2014-cü ilin iyul ayında təsdiqlənmiş 100 milyon ABŞ dolları məbləğində “Ədliyyə xidmətləri və yüksək texnologiyalı məhkəmə infrastrukturu” adlı əvvəlki kreditin də xərclənmə müddəti cari ilin 30 iyun tarixindən 2021-ci ilin 30 iyun tarixinədək uzadılıb:

“Bu məbləğin 43,84 milyon dolları ədliyyə xidmətlərinin təkmilləşdirilməsinə, 25,8 milyon ABŞ dolları təsisat potensialının və səmərə dərəcəsinin artırılmasına, 59,71 milyon ABŞ dolları məhkəmə infrastrukturunun genişləndirərək müasirləşdirilməsinə, 12,89 milyon ABŞ dolları layihənin idarəçiliyi və əlaqələndirilməsinə, 4,83 milyon ABŞ dolları da pilot əsasllarla İT tətbiqi üçün nəzərdə tutulub. Əlavə maliyyə üçün son kredit 4 ili güzəştli olmaqla 11,5 ilə verilir. İcra müddəti 2024-cü il iyun ayının sonunadək nəzərdə tutulan layihənin ümumi dəyəri isə 70 milyon ABŞ dollarıdır ki, bunun 20 milyon ABŞ dollarını hökumət ayıracaq”.

ReAL Partiyasının üzvü, iqtisadçı Natiq Cəfərli Meydan TV-yə deyib ki, Ədliyyə Nazirliyi kreditlərdən əlavə qrant layihələri də alıb.

Layihələrin məqsədinin Azərbaycanda institusional dəyişikliklərin gerçəkləşməsi olduğunu qeyd edən iqtisadçı təəssüflənir ki, ədliyyə sistemində formal dəyişikliklər olub:

“Məsələn, Məhkəmə-Hüquq Şurasının yaradılması formal dəyişiklikdir, ədliyyə sisteminin ədalətli çalışmasına, vəkillərlə prokurorların eyni hüquqa malik olmasına heç bir təsiri olmayıb. Hətta məhkəmə sistemində getdikcə problemlər yaşanıb, vəkillər ciddi təzyiqlərə məruz qalıb, mülki işlərə vəkil olmayan hüquqşünasların çıxmasının qarşısı alınıb, Vəkillər Kollegiyası vəkillərə təzyiq edib. Bu mənada məhkəmə-hüquq islahatlarından daha çox bu sahədə müəyyən problemlər yaşanıb”.

Natiq Cəfərlinin sözlərinə görə, ayrılan vəsaitin mənbəyi olan beynəlxalq təşkilatlar da kreditlər vasitəsilə hansı dəyişikliklərə nail olunması istiqamətində ciddi monitorinq aparmır:

“Azərbaycan hökuməti də formal dəyişiklikləri, Məhkəmə-Hüquq Şurası adlı orqanı islahat, yaxud institusional dəyişiklik kimi təqdim edib. Əslində, beynəlxalq qurumlar belə layihələrin arxasınca özləri düşməli, monitorinq aparıb nəicələrlə bağlı hökumətin qarşısında tələblər qoymalıdır. Bu işə müstəqil hüquqşünaslar və beynəlxalq təşkilatlar qoşulmalıdır. Amma beynəlxalq təşkilatlar məsələyə səhlənkar yanaşır, ayrılan vəsaitin xərclənib-xərclənməməsi ilə bağlı hökumədən ciddi hesabat tələb etmir”.

Dünya Bankı Azərbaycanda məhkəmə sisteminin islahatını, məhkəmə təsisatlarının gücləndirilməsi üçün indiyə qədər üç kredit ayırıb. Bunlardan birincisi 21,6 milyon ABŞ dolları həcmində 2006-cı ildə, ikincisi 33,4 milyon ABŞ dolları həcmində 2011-ci ildə, üçüncüsü isə 100 milyon ABŞ dolları həcmində 2014-cü ildə ayrılıb.

Gununsesi.org