Dünya Bankının prezidenti istefaya gedir

Dünya Bankının prezidenti David Malpass tənqidə məruz qalmasından sonra vəzifəsindən vaxtından əvvəl gedəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Bank, çərşənbə günü ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfindən təyin edilmiş Malpasın dörd illik işindən sonra istefa vermək qərarına gəldiyi haqda idarə heyətini məlumatlandırıb.

“Bu sayda istedadlı və müstəsna insanlarla birgə dünyanın aparıcı inkişaf institutunun prezidenti olmaq mənim üçün böyük şərəf və imtiyaz idi”, – deyə Malpass bildirib.

Birləşmiş Ştatlar və Dünya Bankının digər əsas səhmdarları son bir ildə qurumu əsas məqsəd – qlobal yoxsulluğa qarşı mübarizə ilə yanaşı, qlobal çağırışların, xüsusən də iqlim dəyişikliyinin aradan qaldırılması üçün səyləri gücləndirməyə məcbur ediblər.

Bu təzyiq, sentyabr ayında keçirilən konfransda Malpas, iqlim dəyişikliyinin səbəbinin antropogen amillə bağlı olub-olmadığına inanıb-inanmadığını söyləməkdən imtina etdikdən sonra güclənib.

Keçən həftə ABŞ maliyyə naziri Janet Yellen bank rəsmilərini iqlim dəyişikliyi ilə mübarizəyə daha çox pul ayırmaq üçün islahatlar aparmağa çağırıb.

ABŞ Dünya Bankının ən böyük səhmdarıdır və ənənəvi olaraq onun prezidentini təyin edir.

Gununsesi.info