
Uzun illər səmərəsiz danışıqlardan sonra Azərbaycan öz ordusu hesabına işğal altında olan torpaqlarını azad etməsi ilə regiondakı status-kvonu dəyişdi.
Azərbaycan ordusu müharibə qaydalarına uyğun olaraq, özünün işğalda olan torpaqlarını azad etdi.
44 Günlük qanlı savaşda Azərbaycan hərbçisi qarşı tərəfin mülki əhalisinə bir güllə də olsun atmadı.
Çünki, Azərbaycan dövləti Xocalı dəhşətini yaşayan bir dövlət olub və mülki əhalinin kütləvi şəkildə həlak olmasının insanlığa qarşı necə bir cinayət olduğunu yaxşı dərk edir.
Bu gün də Xankəndində yaşayan erməni əhalisinə münasibətimiz göz önündədir. Onların təhlükəsizliyi üçün hər hansı risk yoxdur.
44 Günlük Vətən Müharibəsi regionda və dünyada yeni bir siyasi ortam yaradıb.
Bu məqamda Ermənistan və onun beynəlxalq dairələrdəki havadarları da Azərbaycanı dünya birliyinin gözündən salmağa çalışır. Ciddi-cəhdlə Qarabağdakı erməni əhalisinin guya humanitar fəlakətlə üz-üzə qaldığını iddia edir.
Belə bir situasiyada diplomatik korpusla yanaşı , digər qurumların, xüsusilə Diasporla İş Üzrə Dövlət Komitəsinin üzərinə böyük vəzifə düşür.
Etiraf edək ki, Azərbaycanın Disasporla İş Üzrə Dövlət Komitəsi bu prosesdə ciddi səylər göstərir.
Elə iki gün öncə komitənin təşkilatçılığı ilə Toronto şəhərində Ermənistanın yolverilməz əməllərini ifşa edən məlumatlandırma aksiyası keçirilib.
Komitənin dəstəyi ilə Azərbaycan icmasının ölkəmizin sülh səylərinin dərk edilməsi və dəstəklənməsi ilə bağlı məlumatlandırma aksiyası Toronto şəhərinin mərkəzində yerləşən məşhur Yonq-Dandas Meydanında (Yonge and Dundas Square) və Yonc-Blur (Yonge and Bloor) yolayırıcında baş tutub.
Aksiya zamanı “Qarabağ Azərbaycandır!” adlı guşə yaradılıb. Guşənin üzərində “Azərbaycan sülh istəyir, Ermənistan müharibə istəyir”, “Ermənistan sülhü rədd edir, müharibəni seçir”, “Ermənistan, sülh sazişini imzala!”, “Erməni separatçılarının qanunsuz fəaliyyətinə son qoyulsun!”, “Ermənistan, bizim torpaqlarımızın minalandırılmasını dayandır!”, “Ermənilərin minaları dinc sakinləri öldürür!”, “Azərbaycan girovlarını azad et!”, “Mina qurbanlarına görə ədalət tələb edirik!”, “Ermənistanın ekoloji terroruna son qoyulsun!” “Qarabağın ekoloji mühitinin dağıdılmasına görə ədalət tələb edirik!” və sair şüarların əks olunduğu fotomateriallar yerləşdirilib.
İcma fəallarınız Toronto sakinlərinə Ermənistanın hərbi və ekoloji cinayətləri barədə ətraflı məlumatın əks olunduğu “Təcili fəaliyyətə çağırış: Azərbaycanda kritik problemlərin həlli” sərlövhəli broşürlar paylayıblar. Broşürlarda 30 il ərzində Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanın Qarabağ bölgəsinin xarabalığa çevrildiyinə və 2020-ci ildə baş vermiş müharibədən sonra qalmış aktual problemlərin indiyədək həll olunmadığına diqqət cəlb edilib.
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərində basdırılmış minaların insan həyatını təhdid etdiyi, 2020-ci il müharibəsindən bəri Azərbaycanda mina qurbanlarının sayının 303 nəfərə çatdığı, rəsmi İrəvanın dəqiq mina xəritələri verməkdən imtinasının insan hüquqlarını kobudcasına pozduğu, erməni KİV-lərinin azərbaycanlılara qarşı pis rəftarla bağlı pərakəndə sübutlar yaymasının III Cenevrə konvensiyasına zidd olduğu, bir neçə azərbaycanlı əsgərin girov götürülərkən fiziki, mənəvi işgəncələrə və təhqirlərə məruz qaldığı, Azərbaycanın Qarabağ bölgəsində qızıl və mis-molibden yataqlarının qeyri-qanuni istismar edildiyi, 60 min hektardan çox meşə sahəsinin darmadağın edildiyi, çaylarımızın çirkləndirildiyi və sair faktlar nəzərə çatdırılıb.
Regional əməkdaşlığa sadiqliyini qonşu Gürcüstanın timsalında sübut edən Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq öz ərazilərində, o cümlədən nəqliyyat-kommunikasiya yolları üzərində suverenliyini qorumağa çalışdığı, Xankəndi-Laçın yolunun açıq olduğu vurğulanıb.
Azərbaycan icması Kanada ictimaiyyətini və beynəlxalq təşkilatları bu kritik və önəmli mərhələdə erməni uydurmalarına inanmamağa, Azərbaycanın sülhsevər mövqeyini əməli şəkildə dəstəkləməyə və tərəflər arasında konstruktiv dialoqun təşviqinə yardım göstərməyə çağırıb.
Bundan başqa anoloji tədbir Avtstriya paytaxtı Vyanada da baş tutub.
Bu tədbirdə də Azərbaycanın sülhə sadiqliyi və Ermənistanın prosesi pozmaq cəhdlərindən bəhs edilib.
Vyana mərkəzində minlərlə insan tədbirə böyük maraq göstərib.
Komitənin təşkil etdiyi bu tədbirlər artıq Ermənistanın sülh danışıqlarını pozması üçün gətirdiyi yersiz arqumentləri də yalanlayıb. Artıq bütün dünya şahidi oldu ki, Ermənistanın Xocalıda və digər torpaqlarımızda törətdiyi cinayətləri biz Xankəndində təkrar etmək niyyətində deyilik.
Şəbnəm Rəhimova
Gununsesi.info