Dünya çempionu Hacı Əliyev: “Baxın, budur avropalaşmaq: siqaret, “patı“, içki...”

Azərbaycan idmançıları Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurdu. Yarışlara 44 idmançı ilə qatılan komandamız bu mötəbər turniri 3 gümüş, 4 bürünc medalla tərk etdi.

Tokio-2020-də gümüş medal qazanan Azərbaycanın məşhur güləşçisi, dünya çempionu Hacı Əliyev Yenisabah.az-a müsahibə verib. Gununsesi.info həmin müsahibəni təqdim edir:

HTML tutorial

– İlk olaraq oyunlar haqqında təəssüratlarınızı bölüşməyinizi xahiş edirik…

– Tokio 2020 mənim ikinci olimpiya oyunum idi. İlk olimpiya oyunlarında bürünc medal, bu oyunda isə gümüş medal qazandım. Bildiyiniz kimi, olimpiya oyunları öncə təxirə salındı. Bu bütün idmançılara mənfi təsir göstərdi. Oyunlara son 3-4 ay qalmış yenə deyirdilər ki, ola bilsin təxirə salınacaq və s. Oyunlarda hər gün Covid testi verməyimiz də bir tərəfdən insanı rahat olmağa qoymurdu. Eyni zamanda bizim yuxu problemlərimiz oldu. Lakin hər şeyə rəğmən əlimizdən gələni etdik.

Bir məsələni də qeyd etmək istəyirəm oyunlardan öncə mən gözümdən əməliyyat oldum. düz 2 saat 40 dəqiqə ağır göz əməliyyatı keçirdim. Son günlərə qədər məşqlərə qatılmağıma icazə verilmirdi. Buna baxmayaraq bu çətinliklə, zədələrlə yaxşı nəticə göstərdim. Bəzi epizodlarda hakimlər tərəfindən mənə qarşı haqsızlıq oldu. Şükürlər olsun Allaha, medalsız qalmadım. 3 gümüş 4 bürünc medal qazandıq. Qalib olan hər kəsi təbrik edirəm. 3 gümüş medal qazanmağımız Azərbaycan xalqı üçün böyük uğurdur.

– Bundan sonrakı olimpiadalarda iştirak etməyi düşünürsünüzmü?

– Olimpiya oyunları 4 ildən bir baş tutur. Növbəti olimpiya oyunlarına qədər nələr olar bilmirəm. Hələki tam qərar verməmişəm kariyeramı sona çatdırım, ya yox. Bir müddət istirahətdə olacam. İstirahətim bitdikdən sonra qərarlarımı verəcəm.

– Sizə ayrılan mükafatı necə dəyərləndirməyi düşünürsünüz?

– İdmançılara dəyər verib mükafatlandırdığı üçün ilk öncə prezidentimizə təşəkkür edirəm. Gələn kimi ilk növbədə mükafatlarımız təqdim olundu. “İkinci dərəcəli vətənə xidmətə görə” medalı ilə təltif olunduq. Bu bizim uğurumuzdur.

Bu mükafatın bir hissəsini ailəmə, yaxınlarıma və sözsüz ki, ehtiyacı olanlara ayırmışam. Mən hər zaman dəstəyə ehtiyacı olanların yanında oluram. Bəlkə də məni tanımayanlar düşünər ki, özümü reklam edirəm, amambelə deyil. Məni tanıyan hər kəsdən necə biri olduğumu öyrənə bilərlər.

Hər işdən qazanılan pul əziyyətlidir. İdmanla qazanılan pul isə bir başqadır. İnsanın canı gedir, əziyyət çəkirsən, həyəcan, stress yaşayırsan. Bu məbləği doğru dəyərləndirmək lazımdır. Canımız sağlam olsun, necə lazımdırsa elə də olacaq.

– Azərbaycanın Tokio-2020-də zəif çıxış etməsi nə ilə bağlıdır?

– Bəzi insanlar bu nəticələri uğursuzluq adlandırır. Lakin Rafael Ağayevin, mənim və İrina Zaretska sonuncu günə qədər 3 final görüşü oldu. Bizim final görüşlərimizin üçü də qızıla yaxın idi. 3 gümüş və 3 qızıl medal qazana bilərdik. Sanki son saniyədə hər şey tərsinə çevrildi, məğlub olduq. Qismət belə imiş. Biz də istəyərdik ki, qızıl medal olsun, lakin bu da böyük uğurdur. Olimpiya oyunlarında heç bir medal qazanmayan komandalar oldu, ikinci, üçüncü yerə həsrət qalan idmançılar var.

Qalib gələn hər kəsi ürəkdən təbrik edirəm!

– Sonda bu məsələyə də münasibət bildirməyinizi xahiş edirəm. Son dövlər gənclər arasında narkotikə meyillilik artıb. Bir idmançı kimi bu problemi aradan qaldırmağın yolunu nədə görürsünüz?

– Bu mənzərə məni də kədərləndirir. Təəssüf ki, gənclər uçurumun bir addımlığına gəlib çatırlar və bir də görürlər ki, çox gecdir. Bu gənc yaşlarında daha yaxşı işlərdən faydalanmalıdırlar. Bu narkotiklə bağlı məsələlərin qarşısı sözsüz ki, alınır.

Lakin mən istərdim ki, valideynlər öz övladlarına vaxt ayırsınlar, onlarla maraqlansınlar. Məktəbə, universitetə gedən uşaqları partilərə, ad günlərinə göndərən zaman daha diqqətli olsunlar. Bu fikirlər səsləndirilən zaman deyirlər ki, avropalaşmışıq. Baxın, budur avropalaşmaq. Bəzi gənclərimiz uçuruma doğru gedir. Hər kəs övladına nəzarət etməlidir. Nəzarət etmədikdən sonra uşaq ad günlərindən, partilərdən, siqaret, içki məclislərindən yığışmayacaq. Bir də görəcələr ki, uşaqlarını itiriblər. Valideynlər uşaqlarından möhkəm tutsunlar.

Gununsesi.info