Hazırda Avropanın əksər ölkələrində anomal hava şəraiti hökm sürür.
Gununsesi.info xəbər verir ki, qar fırtınası Britaniya, Almaniya, Avstriya, İsveçrə və Çexiyada ictimai nəqliyyatın işinə əngəllər törədir, bir sıra iri hava limanı reysləri təxirə salmalı olub.
Britaniyada havanın temperaturu mənfi 12 dərəcədir.
Hətta Skandinaviyada noyabr ayı üçün rekord aşağı temperatur qeydə alınıb.
Güclü qar səbəbindən noyabrın 26-da Bolqarıstanda fövqəladə vəziyyət elan olunub.
Son bir neçə gündə Almaniya ərazisinin böyük hissəsinə qar yağıb. Bildirilir ki, bu, son 20 ildə ilk belə hadisədir. Həftə sonu Bavariya əyalətinin mərkəzi şəhəri Münhenə 40 santimetr qar yağıb. Alman mətbuatı yazıb ki, ötən əsrin 30-cu illərindən bəri Münhendə belə hal olmayıb. Şəhərin hava limanı bağlanıb, 760 reys təxirə salınıb və ya ləğv edilib.
Anomal hava şəraiti Rusiyada da özünü göstərir. Ötən həftə Rusiyanın Krım və Qara dəniz sahillərində baş verən güclü fırtına infrastruktura böyük ziyan vurub. Hazırda paytaxt Moskvada da dekabrın əvvəlinə xas olmayan soyuqlar qeydə alınıb. Moskvada – 6-15 dərəcə şaxta var. Meteoroloqların məlumatına görə, çərşənbə günündən etibarən havanın temperaturu bir az da aşağı düşəcək, cümə günü isə gündüz mənfi 11-16, gecə isə mənfi 17-22 dərəcə təşkil edəcək.
“Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets bildirib ki, Moskvadakı bu temperatur Sibir üçün xarakterikdir.
Ötən ayın sonu Türkiyədə də sel və fırtına baş verdi. Sinop, Konya, Ankara, Konya və Giresun şəhərlərində baş verən sel və fırtına zamanı hətta ölən və yaralananlar da oldu.
Gununsesi.info