Əvvəlcə Konqres iştirakçıları iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd zamanı şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Konqresin açılışında Dünya Enerji Şurasının həmsədri Yanqhun Deyvid Kim çıxış edərək bu mötəbər tədbirin əhəmiyyətini vurğulaylb. O, yeni nəsil enerji mənbələrinin müəyyən edilməsinin və bərpa olunan enerji mənbələrindən istifadənin hazırda qarşıda duran əsas hədəflərdən olduğunu deyib.
Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak ölkəsinin bu mühüm Konqresə ev sahibliyi etməsindən məmnunluğunu ifadə edərək, müasir dövrdə enerjinin dünya gündəminin ən aktual məsələlərindən olduğunu bildirib. B.Albayrak dünyada təmiz enerji mənbələri ilə yanaşı, enerji daşıyıcılarının təhlükəsiz şəkildə nəqlinin də mühüm önəm daşıdığını vurğulayıb.
Türkiyənin Baş naziri Binəli Yıldırım Konqres çərçivəsində keçiriləcək 60-dan çox sessiyada enerji sahəsində aktual məsələlərə dair səmərəli müzakirələrin aparılacağını bildirdi. Baş nazir dünyada enerji mənbələrinin şaxələndirilməsinin, enerjinin məhsullarının təhlükəsiz daşınmasının önəmini qeyd edib.