Dünya Enerji Konqresinə 54-ü nazir səviyyəsində olmaqla 266 natiq qatılacaq

  • By admin
  • 05 Oktyabr 2016 12:04

dun-kon

Oktyabrın 9-13-də İstanbulda öz işinə başlayacaq XXIII Dünya Enerji Konqresində Azərbaycan da təmsil olunacaq.

Etikxeber.az Dünya Enerji Şurasının Türkiyə Milli Komitəsinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binali Yıldırım, bu ölkənin enerji və təbii sərvətlər naziri Berat Albayrakın ev sahibliyi ilə təşkil edilən konqres 4 gün davam edəcək və tədbir 80 ölkədən gələn iştirakçıları bir araya toplayacaq. Konqresdə 54-ü nazir səviyyəsində olmaqla 266 natiq qlobal enerji siyasətinin gələcəyi barədə fikir mübadiləsi aparacaq. Konqres çərçivəsində 60 iclas keçiriləcək.

Enerji dünyasının gündəmini təyin edəcək konqresə Rusiya Prezidenti Vladimir Putin, Səudiyyə Ərəbistanının sənaye və təbii ehtiyatlar naziri Xalid əl-Falih, Rusiyanın energetika naziri Aleksandr Novak, Əlcəzairin enerji naziri Nurəddin Buterfe, İraqın enerji naziri Qasım əl-Fahdavi, İranın enerji naziri Hamid Çitçian, Venesuelanın neft və dağ-mədən sənayesi naziri Euloqio del Pino və Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç qatılacaq.

Konqres həmçinin, Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, BP-nin baş icraçı direktoru Robert Dadli, “Gazprom” idarə heyətinin sədri Aleksey Miller, Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun baş icraçı direktoru Amin Nasser, “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayev və TANAP-ın baş direktoru Saltuk Düzyol olmaqla bir çox beynəlxalq şirkət və maliyyə qurumunun nümayəndəsini bir araya toplayacaq.

Qeyd edək ki, XXIII Dünya Enerji Konqresinin İstanbulda təşkil edilməsi ilə bağlı qərar 2012-ci il noyabrın 5-8-də Şuranın Baş Assambleyasının yığıncağında qəbul edilib. Keçirilən səsvermə nəticəsində Baş Məclis “Dünya Enerji Konqresi-2016”nın İstanbulda keçirilməsinə qərar verib.

Konqres çərçivəsində “Yeni sərhədlərə çıxış” (Embracing New Frontiers) mövzusunda sərgi-konfrans keçiriləcək. Dünyanın tanınmış enerji mütəxəssisləri, səlahiyyətliləri və enerji şirkətlərinin nümayəndələrinin qatılacağı bu konqresdə qarşılıqlı işgüzar görüşlərin keçirilməsi üçün əlverişli platforma olacaq. Həmçinin enerjidə yeni texnologiyalar, enerji ilə bağlı maşın və avadanlıqlar sərgilənəcək. Tədbirdə dünyanın enerji liderlərinin gələcək barədə fikirləri dinləniləcək, sessiyalar keçiriləcək və qarşılıqlı fikir mübadiləsi aparılacaq.

Etikxeber.az