Məşhur türk müğənni İbrahim Tatlısəsin səhhətindəki problemlərə görə bir daha oxumayacağı barədə az öncə yayılan xəbər onun heyranlarını üzüb.
Gununsesi.info xəbər verir ki, ölkəmizdə də böyük əksəriyyət tərəfindən sevilən İbrahim Tatlısəsin güllələnməsi dünya tarixində silinməz izlər qoyan bir çox cinayət hadisəsinə – Con Lennon, Merlin Manron, Con Kennedi kimi müəmmalı qətllərə – daha birini əlavə etdi.
Belə ki, 2011-ci il martın 14-də, gecə saat 00:14-də Bəyaz TV-nin yerləşdiyi binanın həyətindən çıxarkən maşınına silahlı hücum oldu. Hadisədən möcüzə nəticəsində qurtula bilən İmperator xəstəxanada ölüm-dirim mübarizəsi apardığı bir vaxtda polis də cinayətkarları tapmaq üçün yollar axtarırdı. Sözsüz ki, cinayətdən sonra qatil qismində ağıla ilk gələn şəxs illər əvvəl müğənnini təhdid etmiş Abdullah Uçmak idi. Türk polisi təhlükəsizlik kamerasına düşmüş görüntüləri izləyərək cinayətin izinə düşdü. Çox keçmədi ki, İbrahim Tatlısəsin köhnə düşməni – Adanalı Apo kimi tanınan Abdullah Uçmak və 20 nəfər həbs edildi.
Məhkəməni aparan hakim Müəmmər Akkaşın hazırladığı 93 səhifəlik sənəddə Abdullah Uçmağın həbsdən çıxdıqdan sonra Pendikə gəlməsi, evinin yaxınlığındakı mağazada dəfələrlə telefonla danışması və cinayət planı haqda tez-tez müzakirələr aparması haqda iddialar yer alırdı. Bundan başqa, hakim yekun nəticəni açıqlayarkən İbrahim Tatlısəslə Abdullah Uçmak arasında 1998-ci ildən qalma konflikti də diqqətə çatdırdı.
Abdullah Uçmak İbrahim Tatlısəsə sui-qəsd edəcəyini hələ 1998-ci ildə müsahibəsində demişdi. Elə həmin vaxt İboya sui-qəsd təşkil olunsa da, sənətçi sağ qalmışdı. Uçmak müsahibəsində İbrahim Tatlısəsin onun adamlarını öldürtdürdüyünü və bunun müqabilində onun özünün də qanının töküləcəyini bildirmişdi. Apo həmin müsahibədə “Biz Həsən Boranın məkanında iftara getmişdik. İftara az qalmış güllə səsləri eşitdik. 4 nəfər ətrafı gülləbaran edirdi. Mən də orada yaralandım. İki dostumuz öldü. İbrahim Tatlısəsin bu əməli cavabsız qalmayacaq. Onun qanı axana qədər bu qan davası davam edəcək”, – demişdi… və iddia edilən qan 2011-ci il martın 14-də axdı.
“İbo”nun vurulması ilə bağlı başqa bir iddiada PKK-nın adı hallanırdı. Həmin iddiaya görə, PKK Abdullah Uçmağa “Sən onsuz da, İbrahimdən intiqam alacaqsan. Onun ölümü bizim üçün də vacibdir. Ona görə də biz sənə həm istədiyin qədər pul veririk, həm də onu öldürməkdə kömək edirik” deyib. Bundan sonra Abdullah Uçmak və PKK əlbir olaraq Tatlısəsə sui-qəsd təşkil edib.
Ortaya atılan bu iddia əsassız deyildi. Abdullah Uçmağın PKK üzvü Ruşən Mahmudoğluyla əlaqəsi ilə bağlı kifayət qədər dəlillər var idi. Cinayət günü Abdullah Uçmağın iqamətgahında axtarışlar zamanı onun pencəyinin cibindən “rusenmahmutoğlu@hotmail.com” mail ünvanı və Ruşənə aid iki telefon nömrəsi tapılmışdı.
Cinayətdən bir neçə saat sonra polisdən gizlənən Uçmak “rusenmahmutoğlu@hotmail.com” elektron poçt ünvanına “Küncə qısılmışıq. Tezliklə çıxmalıyıq buradan. İşi sona çatdıra bilməyəcəyik” yazmışdı. Bu da cinayətin məhz PKK və Uçmak tərəfindən törədilməsini aydın şəkildə göstərirdi.
İbrahim Tatlısəsə olan hücumdan sonra Abdullah Uçmak yarımçıq qalmış işi bitirmək üçün müğənnini xəstəxanada öldürmək planı qurub, lakin ciddi nəzarət və polisin onların izinə düşməsi onu ölkədən qaçmağa vadar edib.
İbrahim Tatlısəsə atəş açanlardan biri – Ərsin Altun 30 il 1 ay həbs cəzası aldı. Cinayətin təşəbbüskarı kimi Abdullah Uçmak isə 36 il 6 ay müddətinə azadlıqdan məhrum edildi. Lakin “Adanalı Apo” məhkəmənin qərarı ilə qəti şəkildə razı deyildi və son çıxışında da bəraət istəmişdi:
“Cinayəti bizim boynumuza qoymaqla hər şeyi ört-basdır etmək istəyirlər. Mənim bu məsələ ilə heç bir əlaqəm yoxdur”.
Qeyd edək ki, hadisədən sonra İbrahim Tatlısəs Almaniya və ABŞ-da əməliyyatlar keçirdi, sağ qaldı, amma… İmperator bir daha heç vaxt oxuya bilməyəcək. (Axar.az)