Dünya kuboku: Azərbaycan komandası finala yüksəlib – FOTO

  • By admin
  • 29 Yanvar 2022 21:20

İsveçrənin Sankt-Morits şəhərində keçirilən qarüstü polo üzrə 37-ci dünya kuboku davam edir.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) verilən məlumata görə, 6 komandanın iştirak etdiyi nüfuzlu turnirdə ölkəmizi Azərbaycan Atçılıq Federasiyasının “Land of Fire” komandası təmsil edir.

Yanvarın 27-dən start götürən yarışda “Land of Fire” komandası bu gün ikinci matçına çıxıb. İlk oyunda “Perrier Jouet” kollektivini üstələyən poloçularımız yarımfinal mübarizəsində 2019-cu ilin çempionu “Badrutts Palace” ilə üz-üzə gəlib.

Oyunun əvvəlində hesabda geri qalan “Land of Fire” əzmkarlıq nümayış etdirərək yekunda 4:2 hesablı qələbə əldə etmiş və turnirin final matçına vəsiqə qazanıb.

Komandanın kapitanı Elçin Camallının rəhbərliyi altında poloçularımızın həlledici görüşdə rəqibi “Clinique La Prairie” komandası olacaq.

Final matçı yanvarın 30-u, Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.

 

12:48

İsveçrənin Sankt Morits şəhərində 37-ci qarüstü polo üzrə Dünya Kubokunda iştirak edən Azərbaycanın “Land of Fire” komandasının yarımfinaldakı rəqibi müəyyənləşib.

Gununsesi.info  xəbər verir ki, 6 komanda arasında keçirilmiş ümumilikdə 3 oyunun nəticəsinə əsasən reytinq xalları üzrə yarımfinala vəsiqə qazanan 4 komanda məlum olub.

Turun ilk oyununda Azərbaycan təmsilçiləri rəqibə 7:2,5 hesabla qalib gələrək yarımfinala ilk vəsiqə qazanan komanda olub. Turnirin qaydalarına əsasən, ilk günün sonunda qol fərqinə əsasən yarımfinalda iştirak edəcək komandaların rəqibləri reytinq xallarına görə bəlli olub.

Elçin Camallının rəhbərlik etdiyi kollektiv finala vəsiqə uğrunda yerli “Badruts Palas” (“Badrutt’s Palace”) klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, yarımfinal qarşılaşmaları bu gün keçiriləcək. “Land of Fire” klubunun oyunu Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Gununsesi.info