

“Artıq dünya liderlərinin hamısı başa düşür ki, Füzuli rayonun Alxanlı kəndində iki yaşlı Zəhranın ölümündən sonra artıq real müharibə təhlükəsini görürlər”.
Gununsesi.info xəbər verir ki, bu fikri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Amerikanınsesi”-nə açıqlamasında deyib.
Onun sözlərinə görə, Alxanlıdakı faciəvi hadisələr onu göstərdi ki, regionda olan ölkələr, yəni Azərbaycan və Ermənistan geniş müharibəyə çox yaxın bir xəttə gəliblər.
“Bu baxımdan bundan öncəki siyasi aktivlik onu göstərir ki, məhz siyasi aktivlik bu mövzulara həsr olunub. Hamı başa düşür ki, bu hadisələrdən sonra artıq müharibənin mümkünlüyü çox real görünür. Azərbaycan və Rusiya prezidentlərinin təcili təşkil olunan görüşü onu göstərdi ki, təkcə Azərbaycanda yox, bölgədə olan siyasətçilər yox, həm də dünyanın liderləri bu məsələni ciddi şəkildə qəbul edir, başa düşürlər”- deyə, T.Zülfüqarov bildirib.
Yaxın zamanda Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin başa çatması ilə “Şərq-Qərb”, həmçinin “Şimal-Cənub”, “ Qərb-Cənub” nəqliyyat dəhlizlərinin rellaşması və bu layihələrin Azərbaycanın regiondakı siyasi və iqtisadi mövqeyində hansı dəyişikliklərə gətirib çıxaracağına aydınlıq gətirən sabiq nazir deyib ki, bunlar çox vacib iqtisadi və siyasi layihələrdir.
“Biz coğrafi baxımdan qeyri-stabil regiona çox yaxın bir məsafədəyik (Yaxın Şərq regionuna).
Bu baxımdan bu cür layihələrin bu regionda reallaşması hesab edirəm ki, həm Azərbaycana iqtisadi mənfəət və siyasi dividentlər gətirəcək, həm də bu qeyri-sabit regiona sabitlik impulsları ötürəcək. Hesab edirəm ki, bu, Azərbaycanın çox böyük bir uğuru olacaq”- deyə, T. Zülfüqarov bildirib.
Mürtəza
Gununsesi.info