Dünya nə nüvə müharibəsini görəcək, nə də III Dünya müharibəsini… -Müsahibə

Professor Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

HTML tutorial

– Qabil müəllim, hazırda dünyada həm geopolitik, həm də regional baxımdan ciddi gərginlik müşahidə olunur. Rusiya nüvə silahını dünyaya xatırladır, Ermənistan təxribatları dayandırmır, İran həm ciddi xarici təzyiqlər, həm də daxildə çaxnaşmalarla dalğalanır. Baş verənləri necə qiymətləndirirsiniz?

– Bəli, gərginlik göz önündə olmaqla yanaşı, yüksələn xətt üzrə də inkişaf edir. Çoxları növbəti dünya müharibəsinin yaxınlaşdığını iddia edirlər, hətta bu müharibəni tətikləyəcək addım kimi nüvə savaşını qabardırlar. Bəli, nüvə silahının tətbiq edilə biləcəyinə dair verilən üstüörtülü eyhamlar III Dünya müharibəsinə dair fikirləri daha da gücləndirir.

Hazırda dünyada qarşıdurma da gərginləşir. Məsələn, Çin və Tayvan arasında gərginlik davam edir. İran ətrafında məsələ gündəmdədir, daxildə ciddi etirazlar müşahidə olunur. Hökumət daxildəki aksiyaları dayandırmağa çalışsa da, buna müvəffəq ola bilmir. Aksiyalar və gərginlik bir həftədir davam edir. Üstəlik Tehran nüvə sazişinə dair danışıqlarda şərtlər irəli sürür. Bu da İranla əvvəllər nüvə sazişi imzalayan ABŞ və digər dövlətlərin Tehrana təzyiqini artırır. Bizim bölgədə də gərginlik elementləri var. Ermənistan-Azərbaycan arasındakı sərhəd problemləri qalır, sülh müqaviləsi erməni tərəfinin qeyri-konstruktiv və qızışdırıcı davranışları səbəbindən əldə edilmir, əksinə təxribatlar müşahidə olunur. Həmçinin Brüsseldə əldə olunan razılaşmaların icrasına dair addımlar atılmır. Üstəlik BMT Baş Məclisində Ermənistan rəhbərliyi Azərbaycan dövlətinin əleyhinə iddialar sürür. Bütün bunlar göstərir ki, erməni tərəfi vəziyyəti kəskinləşdirmək xətti seçib və yaxın dövr üçün bu siyasəti dəyişdirmək niyyətində deyillər.

– Sizcə, hansısa bir gərginlik və bunun dəhşətli müharibəyə çevrilmək ehtimalları nə qədərdir?

– Əslində belə ehtimalları söyləyənlərin sayı getdikcə çoxalır. Amma mən onlara qoşulmuram. Dünya nə nüvə müharibəsini görəcək, nə də bunun sayəsində III Dünya müharibəsini.. Çünki bu müharibəni qızışdırmaq istəyənlərlə müqayisədə onun qarşısını almaq istəyənlərin mövqeyi daha güclüdür. Məsələn, Rusiya nüvə silahı ilə təhdid edirsə, Qərb dövlətləri də bunun müqabilində lazımi hazırlıqlar aparır. Yəni qeyd olunur ki, Rusiya buna cəhd edərsə, onun özünü ölümcül fəlakət gözləyir. Mən buna inanıram. Rusiyanın “nüvə dəyənəyi” ilə hədələməsi ciddi güc amilinə söykənmir, uğur gətirəcək yanaşma deyil. Əksinə, qabaqlayıcı nüvə zərbəsi Rusiya üçün ölümcül ola bilər. Odur ki, növbəti dünya müharibəsi gözləmirəm. Qənaətimcə, nəticədə regional münaqişələri körükləyənlərin gücünün azalmasına və bu prosesdən çıxarılmasına səbəb olacaq. Əvəzində Çin kimi dövlətlər də özlərini yığışdırmalı olacaq. Bu baxımdan geopolitik dünyada indiki gərginliyin müəyyən qədər davam edəcəyi proqnozlaşdırılsa da, onun böyüyüb fəlakətli müharibəyə çevrilməsi təhlükəsi real deyil.

– Aydındır ki, əsas barıt çəlləyi Rusiya-Ukrayna müharibəsidir. Hazırda ruslar daha böyük hərbi kontingenti Ukraynaya qarşı istifadəyə hazırlamaq üçün qismən səfərbərlik elan edib. Bu baxımdan Ukrayna savaşında gözlənti necədir?

– Rusiya səfərbərlik elan edib, 300 min insanın orduya şağırılacağını açıqlayıb. Amma ordunun qurulması, sərhədlərdə yerləşdirilməsi və ya Ukraynaya göndərilməsi o demək deyil ki, belə bir ordu qurulacaq, onu təchiz edəcəklər. Baş verənlər göstərir ki, qismən səfərbərlik qərarı ölkədə əks reaksiyaya səbəb olub. Çağırış yaşında olan insanların çoxu ölkəni tərk etməyə çalışır, daxildə müəyyən etiraz aksiyaları keçirilir. Qısacası, ya ölkəni tərk etməyə, ya da yaşayış yerlərini dəyişməyə çalışırlar. İnanmıram ki, yeni səfərbərlik rus ordusunun döyüş gücünü artırsın və onun Ukrayna üzərində qələbəsini təmin etsin. Əslində müharibədə strateji dəyişiklik baş verib, indiki mərhələdə uğur Ukrayna ordusu tərəfindədir, bu proses davam etdirilir. Məncə, müharibə Ukraynanın öz torpaqlarını azad etməsinə, Rusiyanın zəifləməsinə gətirib çıxaracaq. Bu nəticə sözsüz ki, Rusiya daxilinə hansısa formada təsir edəcək. Yəni gərginlik yaranacaq.

– Hazırda əksər ölkələr faktiki olaraq Rusiya-ABŞ münasibətlərində birtərəfli mövqe tutmaqla qarşıdurmanın gərginləşməsində rol oynayırlar. Türkiyə isə Kiyev və Moskva arasında vasitəçilik rolunu gücləndirməklə məşğuldur. Ankara bu prosesdə qanlı toqquşmaların qarşısını ala bilərmi, yoxsa artıq ox yaydan çıxaraq geridönməz hal alıb?

– Artıq vasitəçilik səyləri ciddi rezonans doğurmur. Xüsusilə, Rusiyadakı qismən səfərbərlik, “nüvə dəyənəyindən” üstüörtülü istifadənin mümkünlüyünə dair eyhamlardan sonra. Amma aydındır ki, buna qədər Ukrayna taxılının blokadadan çıxarılaraq dünyaya çatdırılması, eləcə də iki ölkə arasında hərbi əsirlərin dəyişdirilməsi prosesində Türkiyə müsbət vasitəçilik rolunu oynayıb və bu da, hamı tərəfindən yüksək qarşılanıb. Amma bütövlükdə müharibənin dayandırılmasını vasitəçilik səyləri hələ effektini vermir. Üstəlik Avropada bəzi ölkələr də vasitəçilik üçün iddialıdır və müharibə yükünü daşıdıqlarını bildirərək müharibənin sonunda vasitəçilik missiyasını öz üzərlərinə götürəcəklərini bildirirlər. Ümumiyyətlə Ukrayna tərəfi bəyan edir ki, 1991-ci il dövlət sərhədlərini bərpa edənə qədər müharibə davam edəcək. Buna nail olduqdan sonra sülh danışıqlarına başlaya biləcəklərini qeyd edirlər.

– İndi sanki Avropa Ukrayna-Rusiya savaşında rolunu itirir, gərginliyin yeni mərhələyə daxil olması ilə bütün ağırlıq Britaniya-ABŞ cütlüyünün çiyninə düşür. Xüsusilə, söhbət Almaniya və Fransadan gedir. Sizcə, növbəti mərhələ necə olacaq?

– Əslində ABŞ və Britaniya Ukraynanın əsas müharibə donorudur, ən çox hərbi dəstəyi məhz bu ölkələrdən alır. Avropanın hamısı olmasa da, bəzi ölkələr Rusiya ilə əlaqələri saxlamaqda maraqlıdır. Məsələn, Almaniya. Onun Rusiyadan qaz asılılığı var və hətta Ukraynaya hərbi dəstək vermir. Əvəzində İspaniya, Polşa, Pribaltika ölkələri prosesdə fəal iştirak edirlər. O cümlədən Çexiya və Bolqarıstanda Ukrayanaya fəal dəstək verir. Macarıstan və Almaniya istisna olmaqla digər ölkələr sona qədər Ukraynaya dəstək verəcəklərini qeyd edirlər. Amma aydındır ki, bu prosesdə aparıcı rol ABŞ və Britaniyaya məxsusdur. Mən ehtimal edirəm ki, indi Ukrayna prosesi yeni mərhələyə daxil olur və gərginlik daha artacaq, o cümlədən savaş davam edəcək.

Gununsesi.info