
Dünya Kiçik və Orta Sahibkarlıq Forumunun (World SME Forum) icraçı direktoru Tunc Uyanıkın rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) qonağı olub.
Bu haqda Gununsesi.info-ya qurumdan məlumat verilib. Görüş zamanı iki qurum arasındakı əməkdaşlıq, birgə layihələrin gələcək perspektivləri, həmçinin Azərbaycanda artıq yekunlaşmaq üzrə olan Strateji Yol Xəritəsində kiçik və orta sahibkarlığın inkişafına verilən önəm barədə fikir mübadiləsi aparılıb.
İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı Prezidentin Sərəncamı ilə yaradılan Azərbaycanda istehsal olunan mallar və həmin malların istehsalçıları barədə məlumatları əks etdirən İnternet portal haqqında qonaqlara məlumat verib. Portalın funksionallığını artırmaq üçün bura iri logistik şirkətlər, ödəniş sistemləri cəlb edilib. Həmçinin dünya miqyasında önəmli yer tutan elektron ticarət portalları ilə əməkdaşlığa dair razılıq da əldə olunub.
Vüsal Qasımlı əlavə edib ki, yeni portal xüsusən kiçik və orta sahibkarların işini asanlaşdıracaq. World SME Forumunun icraçı direktoru Tunc Uyanık Azərbaycanda belə bir layihənin reallaşdırılmasının sevindirici olduğunu vurğulayıb. O rəhbərlik etdiyi qurumun Azərbaycan portalı ilə əməkdaşlığa hazır olduğunu bildirib. Çünki World SME Forumun buna bənzər layihəsi var və onun portalla inteqrasiya imkanları böyükdür.
Gülnaz Qənbərli
Gununsesi.info