“Televiziyanın konsepsiyası, yol xəritəsi olmalıdır, bütün səhvlər ordan gəlir. Ancaq 24 saat efiri doldurmaq üçün nə gəldi yayımlayırlar. Ən asandı da bir müğənni çağırırlar divanda oturub ağzına gələni danışır, aparıcı da səviyyəsiz, guya bu da olur şou verilişi”
Gununsesi.info xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında şair Baba Vəziroğlu deyib. B.Vəziroğlu televiziyalarımızdakı çatışmazlıqları sadalayıb:
“Televiziyalardan şou verilişlərini yığışdırmaq lazım deyil. Dünyanın bütün televiziyalarında şou verilişləri var. Televiziyanın informasiya, əyləncə və maarifləndirmə funksiyası var. Televiziyanın konsepsiyası, yol xəritəsi olmalıdır, bütün səhvlər ordan gəlir. Ancaq 24 saat efiri doldurmaq üçün nə gəldi yayımlayırlar. Ən asanı da bir müğənni çağırırlar divanda oturub ağzına gələni danışır, aparıcı da səviyyəsiz, guya bu da olur şou verilişi. Hətta gördünüz ki, Sevil xanım uzaq Britaniyadan “Space” kanalı haqqında nələr dedi. Kanalın köklü dəyişməsinə ehtiyac yenə aşağıdan yox, yuxarıdan gəldi. Halbuki tapşırıq aşağıdan olmalıdı idi. Çünki sən dünyadan, inteqrasiyadan, informasiya müharibəsindən danışırsan. Bununla inteqrasiyaya çıxacaqsan? Bu qədər xərc çəkib bizim televiziyaları peyk ötürücüsünə niyə verirlər? Bir adam ki, telekanala baxmayıb o biri kanala çevirəcəksə, onda bu xərclər niyə çəkilir? Bu günki televiziyalarımıza baxanlar elə biləcək ki, azərbaycanlılar atılıb-düşməkdən, şıllaq atmaqdan, bayağı mahnılardan ibarət bir toplumdur. Hətta bizə xalq da deməyəcəklər. Biz deyəndə ki, musiqimiz var, onda deyəcəklər ki, gedin işinizin dalınca, sizin nə musiqiniz, nə rəqsiniz, nə də qədim tarixiniz var. Çünki biz sizə, yoxsa televiziyalarınıza inanaq? Olanınız budur. İndiyə qədər “Space”in göstərdiyi manıslar, aparıcılar, əttökən danışıqlardı və mən inanmıram ki, feodalizm dövründə insanların bu qədər primitiv çıxışı olsun. İndi televiziyalar Filarmoniya bağına bənzəyir. Musiqiçilər orda toy tuturdular, behləşirdilər, bir-birilərini qırırdılar sonra da çayxanada oturub guya ki, mehribancasına söhbət edirdilər. İndi onun maştabı artıb on milyonluq filaromiya bağı olub. Televiziyaya gələn toya hansı qiymətə getdiyindən, bahalı maşınından danışır. Deyəndə ki, bir xatirə danış. Deyir ki, “o gün toyda filankəs mənə salam vermədi və mən də acığımdan onun ifasını yarıda kəsdim”. Televiziyaların bizə verdiyi əyləncə, maarifləndirmə bundan ibarətdir”.
B.Vəziroğlu İctimai Televiziyanı digər kanallara örnək göstərib:
“Amma sizə müsbət nümunə də göstərəcəm. İctimai Televiziyaya yatana qədər baxıram. Çünki bir-birinin ardıyca, müxtəlif mövzuda, formatda elə verilişlər verirlər ki, kanaldan ayrılmaq istəmirsən. Bütün televiziyaların 8 mart verilişlərini gördüm. Amma İctimai Televiziya “8 royal” verilişi hazırlamışdı, buna veriliş yox, film deyərdim. Səkkiz nəhəng musiqiçi ayrı-ayrılıqda, ayrı-ayrı məkanlarda dünyanın ən gözəl əsərlərini ifa edirdilər. Dünya televiziyalarına baxmırlarsa, heç olmasa İctimai Televiziyaya baxıb öyrənsinlər. Öyrənmək ayıb deyil axı. İndi ən yaxşı öyrənmək məqamı “Space”dədi. Çünki hər şeyə yenidən başlayır. Təzə başlayan üçün öyrənmək asandır. Hətta gecə dublaj filmlərinə baxıram. İnanın ki, İctimai Televiziyanın dublyaj etdiyi filmlər o biri televiziyalardakından yerlə-göy qədər fərqlənir. Onlar keyfiyyətli, lisenziyalı filmlər verirlər. Bu seçimi edən adama heyran qalıram”.
Gununsesi.info