“Prezident mövcud və potensial münaqişə ocaqlarını nəzərdə tutmuş ola bilər”.
Bu fikri “Yeni Müsavat”a politoloq Nəzakət Məmmədova dövlət başçısı İlham Əliyevin dünyada və bölgədə yeni münaqişə ocaqları yarandığını deməsini şərh edərkən bildirdi.
O, nəzərə almağa çağırır ki, İ.Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu və müəllimi olub, İngiltərə tarixinə aid namizədlik, neft strategiyasına dair doktorluq işi müdafiə edib: “Eyni zamanda 16 ildir Azərbaycan kimi mürəkkəb daxili və xarici durumu olan dövlətə rəhbərlik edir, təbii ki, onun beynəlxalq siyasətə dair nəzəri və praktiki bilgiləri yetərincə böyükdür. Buna görə də o, beynəlxalq münasibətlərdə baş verən prosesləri dərindən bilir, bu proseslərin iştirakçısıdır. Həqiqətən də, İlham Əliyev regional və qlobal münaqişələrin potensial mənbəyini deyərkən hazırda formalaşmaqda olan dünya nizamında böyük güclərin planlarında yer alan regionları, dövlətləri nəzərdə tutmuş ola bilər”.
Ekspert qeyd etdi ki, hazırkı dünyada Şimali Amerika və Avstraliya qitələrini çıxmaq şərtilə bütün qitələrdə, külli-ərzdə münaqişələr var, yenilərinin yaranma ehtimalı çox realdır: “Münaqişələr təkcə etnik zəmində ərazi münaqişələri deyil, habelə resurslar uğrunda, enerji mənbələri və onların tranzit yolları, xammal və satış bazarları, hətta terror təşkilatlarına nəzarət uğrunda belə baş verir. Son dövrlərdə dünyanın tanınmış alimlərinin artıq nikbinlikdən uzaq, realist, sivilizasiyalararası toqquşmalar və s. barədə proqnozları təəssüf ki, reallığa çevrilməkdədir. Münaqişələr müasir dünya sisteminin vizit kartına çevrilib və heç bir xalq, heç bir bölgə bundan sığortalanmayıb. Hətta dünyaya hökmranlıq etmək gücündə və iddiasında olan dövlətlərin ərazisində terror baş verir, onun xaricə səyahət edən vətəndaşları, xarici ölkələrdəki diplomatik nümayəndəlikləri daimi terror, sui-qəsd təhdidi altında fəaliyyət göstərirlər. Dünya o qədər qloballaşıb, virtual baxımdan o dərəcədə yaxınlaşıb ki, informasiyanın qlobal məkana təsiri an məsələsidir. Dünya virtual yolla idarə olunur, kiçik bir dezinformasiya ilə münaqişə, toqquşma qığılcımı alovlandırmaq olar”.
Analitik ehtimal edir ki, prezident Əliyev öz çıxışında bütün bu məsələlərdən çıxış edib: “Məsələn, o, öz prezidentliyi dövründə bir çox hadisələri müşahidə edib, görüb, bilavasitə iştirakçısı olub. Tək bizə bilavasitə aidiyyəti olan Qarabağ münaqişəsi deyil, digər hadisələr də prezidentin böyük siyasətdə olduğu dövrə təsadüf edib. Elə son dövrdəki ABŞ-Çin ticarət savaşları, boru kəmərləri uğrunda açıq və gizli savaşlar, ABŞ-İran, İran-İsrail qarşıdurması, ABŞ-Rusiya, ABŞ-Türkiyə qarşıdurması və s. UEFA final oyununda erməni diasporasının təxribatçı fəaliyyətindən tutmuş, ATƏT Minsk Qrupu həmsədrlərinin səfəri zamanı cəbhə xəttində zabitimizin snayperlə vurulmasınadək hər biri prezident, Ali baş komandan kimi Əliyevə məruzə olunur. Təbii ki, o, bu qədər zəngin məlumatı, geniş təcrübəsi olan siyasətçi olaraq beynəlxalq siyasətə dair əsaslı fikir bəyan edib”.
Xatırladaq ki, prezident mayın 24-də Qafqaz Müsəlmanlar İdarəsinin təşkil etdiyi iftar mərasimində yeni münaqişə ocaqlarının yarandığını qeyd edib. Dövlət başçısı vurğulayıb ki, əsas vəzifə Azərbaycanda sabitliyi qorumaq, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaq və ölkəmizi mümkün olan risklərdən qorumaqdan ibarətdir.