Dünyada ən nazik ultrabuk təqdim olunub

  • By admin
  • 08 Yanvar 2018 15:30

“Acer” şirkəti tərəfindən təqdim edilmiş yeni ultrabuk “4G LTE” vasitəsilə internetə daimi qoşulma, maksimum məhsuldarlıq və yığcamlıq kimi xüsusiyyətlər tələb edən peşəkarlar üçün nəzərdə tutulub.

Gununsesi.info “ICTnews”a istinadən xəbər verir ki, istehsalçının məlumatına görə, dünyada ən nazik noutbuk hesab edilən qurğu daha da nazikləşdirilib. Qalınlığı 8,98 mm təşkil edən yeni “Swift 7” noutbuku “Intel Core i7” prosessoru ilə təchiz edilib və 10 saat müddətində avtonom işləyir. İndi sözügedən ultrabuka qurulmuş sensor IPS ekranın diaqonalı 14 düym təşkil edir, təsvir ölçüsü isə əvvəlki kimi “Full HD” formatındadır.

Həmçinin yeni ultrabukda “Intel XMM 4G LTE” sürət interneti texnologiyası nəzərdə tutulub. Noutbuka iki slot – “Nano SIM” və “eSIM” quraşdırılıb. Simsiz şəbəkə 802.11ac MIMO standartı üzrə işləyir. “Swift 7” ultrabuku 256 QB-lıq SSD daşıyıcı və 8 QB-lıq LPDDR3 yaddaşı ilə təchiz edilib. Noutbukun korpusu alüminium materialdan hazırlanıb.

Gununsesi.info