Dünyada yeni pandemiya başlaya bilər

Milyonlarla insan sağlam qida əldə etmək imkanını itirir ki, bu da piylənmə problemini yaradır. Bu isə nəticədə yeni qlobal pandemiyaya səbəb ola bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə Blumberqin yaydığı məlumatda deyilir. BMT-nin proqnozlarına əsasən, ilin sonunadək 130 milyondan çox insan aclıqla üzləşəcək, inkişaf etmiş ölkələrdə isə piylənmə daha ciddi problemlər yaradacaq.

Koronavirus pandemiyası dövründə insanlar gəlirlərini itirdiklərindən zərərli qidalar, xüsusən “fast food”lara üstünlük verərək qidaya qənaət etmək məcburiyyətində qaldılar.

Artıq çəkili insanların sayı ac insanların sayından dəfələrlə çoxdur. Bu xüsusilə inkişaf etmiş ölkələrdə nəzərə çarpır. Kök insanlar isə daha çox şəkərli diabet, ürək-damar və onkoloji xəstəliklərə meyilli olurlar.

BMT-nin hesablamalarına görə, hazırda dünyada 3 milyard insan sağlam pəhriz saxlaya bilmir, bu da artıq çəkiyə meyllilik yaradır və yeni növ pandemiyanın baş verəcəyini şərtləndirir.

Əgər tədbirlər görülməzsə, artıq çəki və bununla əlaqəli sağlamlıq problemləri yaxın on ildə dünyada səhiyyə xərclərini ildə 1,3 trilyon dollar artıracaq.

Gununsesi.info