Dünyanı qadınlar xilas edəcək?

  • By admin
  • 14 İyul 2016 16:56

1-3

 

Tetçerdən,  Bhuttodan, Akinodan, Çillərdən sonra Merkel, Mey, Klinton və Akşənər qabağa verilir…

 

Böyük Britaniyanın sabiq baş naziri Devid Kemeronun istefasından sonra onun yerini seçkilərdə 199 səslə  tutan, Mühafizəkarlar Partiyasının lideri, sabiq daxili işlər naziri  Tereza Mey rəsmən Böyük Britaniyanın yeni Baş naziri təyin edilib. Artıq bununla əlaqədar  Böyük Britaniyanın kraliçası II Yelizaveta fərman da imzalayıb.  II Yelizaveta T.Meyə yeni hökuməti formalaşdırmağı tapşırıb. Gözlənilir ki, artıq bu axşam yeni nazirlərin adları da bəlli olacaq. Qeyd edək ki, Tereza Mey II Yelizavetanın krallığı dövründə sayca 13-cü Baş naziridir. O bunlar arasında Marqaret Tetçerdən sonra ikinci yerdədir. T.Meyin hegemon dövlətlərdən birinin baş naziri postuna sahib olmasını dünya siyasətçiləri birmənalı qarşılamayıb. Onların əksəriyyəti hesab edir ki, dünyada müharibələrin, böhran və xaosun tüğyan etdiyi bir dövrdə  güclü dövlətlərin rəhbərliyinə qadınların gəlməsi ötən əsrin sonuncu 10 illiklərində olduğu kimi, prorseslərin yumşalmasına xidmət edəcək. Politoloqlar  hazırda qadınların rəhbərlik etdiyi ölkələrin yürütdüyü siyasəti sələfi olduqları lider qadınların – Marqaret Tetçer, Bənazir Bhutto,  Tansu Çillər, Karason Akinonun fəaliyyəti dövrüylə müqaisə edib bildirirlər ki, hazırda Angela Merkel, Tereza Mey və ABŞ-ın prezident seçkilərində iddialı namizəd  Hillari Klintonun (həmçinin, Türkiyədə Meral Akşənərin önə çıxarılması)  dövlətin başına gətirilməsi  dünyada sülhün və dincliyin bərqərar olmasına xidmət göstərəcək. Belə ki, Böyük Britaniyada Baş nazir postu uğrunda iki qadın nazirin mübarizəsi də təqdirəlayiq hesab edilir. Onu da qeyd edək ki,  Tereza Meyin Baş nazir postu uğrundakı qələbəsi Azərbaycan politoloqları tərəfindən müsbət qarşılanıb.

Qadın siyasətçinin qabağa keçməsinə sevinmək lazımdır, çünki onlar həmişə sülhün, humanizmin, stabiliyin tərəfdarıdır

Bununla bağlı Gununsesi.info-ya danışan Milli Məclisin (MM)Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyir ki, əslində, dünyada  ədalətin bərpa olunması prosesi gedir: “Yəni, qadınlar cəmiyyətin yarı hissəsini təşkil etsələr də, çox təəssüf ki‚ idarəetmədə onların potensalından az istifadə edilirdi. Dünyada ikiyüzədək  müstəqil dövlət var. Bunların heç on faizinin rəhbəri qadın deyil. Ona görə də hesab edirəm ki, hər hansı bir qadının vəzifəyə gəlməsi normal bir prosesdir.Digər tərəfdən bu bir tendensiya deyil, sadəcə, hər bir ölkədə cəmiyyətin içində gedən proseslərdir ki,  bu da mühüm postlara layiqli insanı qabağa verir. Bu baxımdan, Böyük Birtaniyanın yeni Baş nazirinin qadın seçilməsi orada ölkəyə rəhbərlik edəcək potensial insanların kifayət qədər çox olduğunu göstərir.  Tereza Mey dövlət idarəetməsində təcrübəli  insandır,  nüfuzlu  Universitet bitirib. Cəmiyyətdə böyük nüfuza malikdir.Ümüd edirəm ki‚onun rəhbərliyi dövründə Böyük Britanıyanın problemlərli məsələlərini  həll edə biləcək.Digər tərəfdən isə hansısa bir ölkədə qadın siyasətçinin qabağa keçməsinə də sevinmək lazımdır.Qadınlar həmişə sülhün, humanizmin, stabiliyin tərəfdarıdırlar. Qadınların təbiətdən gələn bu xususiyyəti, şübhəsiz, onların siyasətində də özünü göstərəcək”.

Dünya  tarixində iz qoymuş əksər görkəmli  qadın syasətçilərin tərcümeyi-halınına nəzər salsaq, onların fəaliyyətiylə tanış olsaq, görərik ki, onlar bəşəriyyətdə daha çox sərt siyasətlə- “Dəmir ledi” imiciylə  iz buraxıblar”

Sabiq millət vəkili Gültəkin Hacıbəyli öz növbəsində hesab edir ki,  qadınların hakimiyyətə gəlməsi təkcə  baş verən qlobal proseslərin yumşaldılması məqsədi daşımır. “Mən belə düşünmürəm.  Çünki dünya  tarixində iz qoymuş əksər görkəmli  qadın syasətçilərin tərcümeyi-halınına nəzər salsaq, onların fəaliyyətiylə tanış olsaq, görərik ki, onlar bəşəriyyətdə daha çox sərt siyasətlə- “Dəmir ledi” imiciylə  iz buraxıblar. Bunu Böyük Britaniyanın sabiq baş naziri Marqaret Tetçer haqqında da demək olar. O, dünya tarixində SSRİ-nin çökdürülməsində müstəsna rol oynayan xanim lider kimi qalıb. Eyni zamanda,  Pakistanın baş naziri mərhum Bənazir Bhutto  haqqında da bunu demək olar. Onun ölkəsinə qayıtmasını əngəlləmək üçün  “Taliban”, “Əl-Qaidə” kimi qorxunc terror təşkilatları  çox xəbərdarlıqlar etsələr də,  fikir vermədi. 2007-ci ildə ölkəsinə qayıdığı  gün ona qarşı böyük terror hadisəsi törədildi. Həmin terror aktında 130 nəfər həyatını itirsə də, Bənazir Bhutto  ona qarşı yenidən terror aktlarının törədiləcəyini bilsə də,  yenə də öz dəmir iradəsini ortaya qoydu və ölkəsini tərk etmədi.  Hətta, öləcəyini gözə alaraq,  mübarizəsini davam etdirəcəyini də bəyan  etdi. İki ay sonra isə  dekabırın 27-də növbəti sui-qəsdlə ödürüldü”- deyən G.Hacibəyli bildirir ki,  bu baxımdan, qadınların siyasəti  yumşaltmaq üçün hakimiyyət gəlməsi  fikri ilə razı deyil. “Sadəcə,  qeyd etmək istəyirəm ki, qadınlar cəmiyyətin 50 faizidir və  nə xoş ki,  Qərb ölkələrində  qadının da cəmiyyətin bərabərhüquqlu  bir üzvü olduğunu dərk ediblər. Qadına sadəcə,  qadın olduğu üçün yox, ilk növbədə  insan, vətəndaş olduğu üçün  dəyər veriblər. Bu baxımdan,“qadınlar hakimiyyətə siyasəti yumşaltmaq” üçün gəlir  fikri ilə razı deyiləm.  Siyasətdə qadın-kişi ayrıseçkliliyi tam şəkildə olmasa da, bu faktor   əhəmiyyətli dərəcədə aradan qaldırılıb.  Tarix də sübut edir ki, qadınların mövqe qazandığı ölkələr çox gözəl inkişaf edir.  ABŞ  bu istiqamətdə əvvəldən planlı addım atırdı.  Ötən seçkilərdə ABŞ  tarixində ilk qaradərili prezidentini seçdi.  Bununla da, ABŞ steoretipləri qırdı və  bütün düyaya isbatladı ki,  Amerikanı qaradərili  insan idarə edə bilər. Aydındır ki, növbəti mərhələdə  ABŞ qadın prezidentlərlə bağlı stereotipləri də qırmalıydı. Hillari Klintonun da tarixdə ilk dəfə olaraq,  ABŞ prezidentliyinə  bu qədər yaxınlaşması  ABŞ cəmiyyətinin  bu tabunu ortadan qaldırmasına, qadın prezidenti qəbul etməsinə hazır olduğunun  göstəricisidir. Özü də hiss olunur ki,  əslində, Respublikaçılar Partiyası Donald Trampın namizədliyini irəli sürməklə hətta, özləri belə, xanım Klintonun  prezident seçilməsinə  dəstək verdilər. Əslində,bu  utancverici haldır ki,  dünya əhalisinin yarıdan çoxunun qadın olmasına baxmayaraq, bu ölkələrin böyük əksəriyyətini-  95 %-dən artığını  kişilər idarə edir. Qadınlar  orada söz sahibi deyillər”- deyə, o, bildirib.

Tereza Meyin Böyük Britaniyada  Baş nazir kimi fəaliyyət başlamasna gəlincə isə  G.Hacıbəyli bu istiqamətdə əvvəldən addımlar atılıdığını deyib. “Bu prosesə hazırlıqda vardı.  Böyük Britaniyada Nazirlər Kabinetində, görün, nə qədər qadın var. Yaxud Hilari Klinton bəyan edib ki,  seçilərəmsə, kabinetim ABŞ-a bənzəyəcək-kabinetimin tən yarısı qadınlardan ibarət olacaq. Təbii ki, bu baxımdan,  kifayət qədər qadının təmsil olunduğu  Britaniya Nazirlər Kabinetində özünün peşəkarlığı, işgüzarlığı ilə  diqqət çəkmiş, müxtəlif nazir postlarında çalışmış,  öncə əmək, qadın və kişi bərabərliyi, sonra isə daxili işlər naziri olmuş  Tereza Meyin də namizədliyi irəli sürüldü. Düşünürəm ki,  bu addım bütövlükdə Böyük Britaniya siyasətinin  xeyrinə olacaq. Marqaret Tetçerin ənənəsini  nəzərə alsaq,  görərik ki, o, Böyük Britaniyada ən  uğurlu Baş nazirlərdən biri olub. Həmçinin, öz ölkəsinin nüfüzünu çox yüksəkliklərə qaldırıb.  Hesab edirəm ki, Tereza Mey də bu xətti davam etdirəcək.  Eyni sözləri Hillari Klinton haqqında da söyləmək olar.  O, çox güclü siyasətçidir və tezliklə  ABŞ tarixinin ən parlaq prezidentlərindən biri olacaq. Onun istər siyasi təcrübəsi, istərsə də  qətiyyəti bunu deməyə imkan verir.  Qeyd edim ki, xanim Klintonun da kifayət qədər sərt xəttin  tərəfdarı olacağı bəllidir. Yəni, onun  ABŞ-ın  NATO Qüvvələrinin keçmiş  rəhbərini vitse-prezident postuna  namizədliyini irəli sürməsi, ənənəvi olaraq,  həyat yoldaşı Bill Klinton və demokratlar kimi  daxili siyasət məsələlərinə önəm verdiyi kimi, xarici siyasətdə də  ortaya çox sərt mövqe qoyacağını göstərir. Bu gün dünyada  çox gözəl bir nümunə var.  Tam məsuliyyətlə demək olar ki,  son dönəm dünya siyasətində  özünün liderlik xüsüsusiyyəti ilə seçilən ölkə lideri Angela Merkeldir.  Bu gün Almaniya Avropa Birliyinin lideridir.  Bu gün Merkel bu Birliyin çətiri altında onu monolit təşkilata çevirməyi bacarıb.  Məsələn, Rusiyanın böyük çabalarına baxmayaraq, məhz, Angela Merkelin  böyük siyasətçi fəhmi,  iradəsi, Avropa Birliyinə  dəstəyi nəticəsində Yunanıstanı böhrandan  çıxarmaq mümkün oldu. Avropa Birliyində mövcud olan digər problemləri həll etdi.  Məhz, buna görə də,  Rusiya prezidenti bütün gücünü  Angela Merkelə qarşı səfərbər edir. Angela  Merkel dünya siyasətçilərinə örnək ola biləcək  miqrasiya siyasətinə münasibətiylə nə qədər böyük siyasətçi və siyasi dünyagörüşünün nə qədər geniş, əhatəli  olduğunu sübut etdi. Rusiya onu, məhz,bu faktora görə,  vurmağa cəhd edir.Bu da təbii ki, bir tərəfdən  Rusiya tərəfin kiçikliyinin, digər tərəfdən isə Angela Merkelin siyasətçi kimi  böyüklüyünün göstəricisidir. Bu baxımdan hesab edirəm ki,  qadınların aparıcı ölkələrin sükanı arxasına keçməsi  həm bu ölkələrin xalqlarınını mənafelərinə xidmət edir, həm də  bütün dünyanın daha saglam, demokratik,  ədalətli və firavan məkana çecrilməsinə  böyük töhfələrini verəcək”-deyə, o, fikrini əsaslandırıb.

“Kişilər siyasəti başlayır,  dünyanı çalxalayırlar, amma görəndə ki, aləm qarışıb, o zaman  prosesləri yumşaltmaq və nizamlamaq üçün açarı  qadınlara verirlər”

Politoloq Hikmət Hacızadə isə məsələyə bir az xarizmatik yanaşıb. O, belə hesab edir ki, qadınları dünyanın güclü dövlətlərinə rəhbərlik etməsi zaman-zaman  siyasətdə baş verib: “Belə dalğalar hər zaman gedir. Kişilər siyasəti başlayır,  dünyanı çalxalayırlar, amma görəndə ki, aləm qarışıb, o zaman  prosesləri yumşaltmaq və nizamlamaq üçün açarı  qadınlara verirlər.  Kişilər artıq bu dünyanı idarə etməyi bacarmırlar. Bunu da  dünyada baş verən hadisələr təsdiqləyir. Yəni, meydana elə suallar çıxır ki,  bunu ancaq qadınlar həll edə bilir. Ona  görə də, qadınları qabağa verirlər. Lakin sonra elə problemlər yaranır ki, bunu da qadınlar bacarmır. Ona görə də qadınların zaman-zaman ölkə rəhbərliyinə gətirilməsi  vacibdir”- deyə, politoloq bildirib.

 

1-4

1-5

1-6

1-7

1-6

1-8

1-9

1-10

 

 Gülnaz Qənbərli

Gununsesi.info