
Dünyanın ən böyük kitabxanaları görənləri heyran edir.
Gununsesi.info hətta kitab oxumağı sevməyən şəxsləri həvəsləndirən ən möhtəşəm kitab evlərini sizə təqdim edir. 1. Livraria Ler Devagar. Portuqaliya, Lissabon. Əvvəllər tekstil atelyesi olan, hazırda isə kitabxana kimi fəaliyyət göstərən binada bazar günləri antik əşyalar və əl işləri satılır.
2. Barter Books. İngiltərə. Viktoriya dövrü memarlığına aid qatar stansiyasında yerləşən kitabxana 1991-ci ildə istifadəyə verilib. “Barter” sözü dilimizə tərcümə edildikdə “dəyişdirmək” mənasını verir. Yəni burada ikinci əl kitab satın almaqla yanaşı, köhnə kitablarınızı digərləri ilə barter edə bilərsiniz.
3. Libreria Acqua Alta. İtaliya, Venesiya. Yüz minlərlə kitabın mövcud olduğu bu kitabxanadakı qayıqlar və çəlləklər də kitablarla doludur. Kitab evinin sahibi Luis Frizzio müştərilərlə tanış olub söhbət etməkdən məmnunluq duyur.
4. Cook and Book. Belçika, Brüssel. Həm kitabxana, həm də restoran kimi fəaliyyət göstərən məkan özünəməxsus dizaynı ilə seçilir. Burada əlavə 8 otaq da mövcuddur.
5. Atlantis Book. Yunanıstan. Kipr, İngiltərə və ABŞ-dan olan bir qrup gəncin layihə olaraq başlatdığı kitab evi hələ də fəaliyyət göstərməkdədir.
6. Livraria Lello e Irmao. Portuqaliya, Porto. Bu kitabxananın dizaynı insanı sanki keçmişə aparır. Dünyanın ən gözəl kitab evlərindən sayılan məkan “Harry Potter” filminin bəzi səhnələrinin çəkilməsi ilə daha da məşhurluq qazanıb.
7. Ateneo Grand Splendid. Argentina, Buenos Ayres. Bu, dünyanın opera binasında yerləşən yeganə kitab evidir. Kitab oxuduğunuz zaman səhnədə sizi müşayiət edən piano səsini dinləyə bilərsiniz.
8. The Last Bookstore. ABŞ, Kaliforniya ştatı, Los-Anceles. Qədim bank binasında yerləşən kitabxanada hər il müxtəlif tədbir və konsertlər keçirilir.
9. Sheakespere and Co. Fransa, Paris. Fransaya gələn turistlərin diqqətini çəkən əsas məkanlardan biri olan bu kitabxananın alt mərtəbəsində bir quyu var. Həmin quyu qəpik ataraq dilək tutmaq üçündür.
10. Libreria El Pendulo. Meksika, Mexiko. Burada kitab oxumaqla yanaşı, yemək yeyə və canlı musiqi dinləyə bilərsiniz.
Nigar Cəfərli
Gununsesi.info