Dünyanın aparıcı gəmiçilik şirkəti Azərbaycanda ofis aça bilər

  • By ilhame
  • 18 Sentyabr 2024 13:41

İsveçrədə fəaliyyət göstərən və dünyanın aparıcı gəmiçilik şirkəti sayılan “Mediterranean Shipping Company” (MSC) Azərbaycanda ofis açmağı planlaşdırır.

 

Gununsesi.info xəbər verir ki, bunu şirkətin Gürcüstandakı törəməsinin (“MSC Georgia”) idarəedici direktoru Alkan Alicik Bakıda “Qara dəniz və Xəzər dənizlərində beynəlxalq nəqliyyat dəhlizləri” mövzusunda keçirilən “Qara dəniz-Xəzər Logistika Forumu 2024” tədbirində bildirib.

 

“MSC Azərbaycanda fəaliyyətini genişləndirməyi planlaşdırır. Bu planın əsas elementlərindən biri ofis açmaqdır. Şirkətin Azərbaycan bazarına daxil olma qərarı ölkənin nəqliyyat-loqistika sahəsindəki strateji əhəmiyyəti, əlverişli coğrafi mövqeyi və inkişaf edən infrastrukturu ilə əlaqədardır”, – deyə o vurğulayıb.

 

MSC rəsmisi qeyd edib ki, Avropa ilə Asiya arasında mühüm ticarət yollarının kəsişməsində yerləşən Azərbaycan nəqliyyat dəhlizlərinin, limanların və anbar güclərinin inkişafına fəal şəkildə sərmayə qoyur və bu da ölkəni qlobal loqistika oyunçuları üçün cəlbedici edir.

Gununsesi.info