Dünyanın Quranda 2 əsil sifəti

  • By admin
  • 20 Dekabr 2019 15:30

Mübarək dinimiz bəzən dünyanı dəyərsiz və fani bir məkan kimi tanıdır, bəzən onu axirətə çatmaq üçün körpü adlandırır.

Hər bir halda Quranın nəzərinə görə dünyanın iki əsil sifəti vardır ki, hər kəs ondan agah olmalıdır. Bu sifətlər hansılardır?

1. Dünya nemətləri məhv olandır.

“Və Qiyamət qopacağı gün günahkarlar and içəcəklər ki, (dünyada, yaxud öldükdən sonra) yalnız bircə saat qalmış (və ölümlə dirilmə arasında heç bir fasilə olmamışdır). Onlar(ın dünyada da) bu cür (səhv edib) azırdılar”. (“Rum” 55).

“Və (yada sal) o gün(ü) ki, (Allah) onları (dünyada, ya Bərzəx aləmində) sanki günün bir saatı qədər qalmamışlar kimi bir-birlərinə tanışlıq verdikləri halda (Qiyamət meydanında) toplayacaqdır. (Həmin gün) Allaha qovuşacaqlarını təkzib edənlər mütləq ziyana uğrayıblar və (onlar) hidayətə qovuşanlardan deyildirlər”. (“Yunus” 45).

Bu ayələr buyurur ki, Qiyamət günü müşriklərin halı pis olacaqdır. Onlar dünyadakı həyatlarının nə qədər azmüddətli olduğunu dərk edərlər. Bu məhv olan dünya onların nəzərində necə də qısa görünür. Əgər Qiyamət saatı ilə hesablasaq, bir saaatdan çox çəkməmişdir. Elə bu zaman onlar nə qədər ziyana düşdüklərini anlayarlar. Bilərlər ki, dünya həqiqətən də məhv olan və tez ötüb keçəndir.

Beləliklə deyə bilərik ki, dünya o qədər tez keçəndir ki, insan ölən zaman və Qiyamət günündə belə zənn edərlər ki, dünya həyatları bir gecə və gündüzdən ibarət olmuşdur. Ona görə də bu qısa həyat üçün can qoymağın nə qədər əhəmiyyətsiz olduğunu dərk edərlər.

2. Dünya mənfəəti azdır.

“De: “Dünyanın mənfəəti azdır və təqvalılar üçün axirət daha yaxşıdır””. (“Nisa” 77).

Mənfəətin az olması dünya nemətlərinin məhv olan olmasına işarədir.

Dinimizin nəzərinə görə, dünya yersiz yerə xəlq olmamışdır. Əslində hər bir məxluqun hədəfi vardır və o da Allaha itaət və ibadət etmək və qürb məqamına çatmaqdır. Qurani-Kərim bu haqda buyurur: “Həqiqətən göylərin və yerin yaradılışında, gecə ilə gündüzün get-gəlində sağlam ağıl və fikir sahibləri üçün (Allahın qüdrət, elm və hikmətini göstərən) nişanələr vardır”. (Ali-İmran” 190).

“Dedi: “Bizim Rəbbimiz hər bir şeyə onun məxsus yaradılışını əta edən, sonra (ona) doğru yol göstərəndir””. (“Taha” 50).

Gununsesi.org deyerler.org-a istinadən bildirir ki, bu ayədə iki əsil mövzuya işarə edilmişdir.

Birincisi budur ki, Allah Təala hər bəndəsinə ehtiyacı olan şeyləri əta edər.

İkincisi isə budur ki, hər bir varlıq elə hidayət olmuşdur ki, öz güclərindən diri qalmaq üçün istifadə edər və son hədəfinə çatar.

Beləliklə deyə bilərik ki, Allah Yer kürəsini yersiz yerə xəlq etməmişdir. Hər bir məxluqun bu həyatda tək hədəfi vardır və o da Allaha çatmaq və Onun rəhmətindən bəhrələnməkdir.

Əgər kimsə bunların əksini edərsə, dünyanın iki əsil sifətinə görə yeri cəhənnəm olar.

Gununsesi.org