Dünyanın yeni ən hündür qülləsinin maketi nümayiş etdirilib - DUBAYDA - FOTO

  • By admin
  • 02 Avqust 2017 21:00

dubay-1

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Al Maktumun iştirakı ilə “Dubai Creek Tower” göydələninin böyük maketinin təqdimatı olub. Hündürlüyünə görə məşhur Bürc-Xəlifə (Burj Khalifa) göydələnini geridə qoyacaq bu bina dünyanın ən hündür göydələni olacağını vəd edir. Əmirliyin “TheNational” nəşri yazır ki, yeni göydələnin maketi “Dubai Mall” ticarət mərkəzində təqdim edilib.

Gununsesi.info xəbər verir ki, hündürlüyü 928 metr nəzərdə tutulan qüllə 679 milyon kvadratmetr mənzil, 851 kvadratmetr kommersiya sahəsini, 4,4 min nömrəsi olan 22 oteli və 11,16 milyon kvadratmetr pərakəndə sahəni əhatə edəcək.

Çəkisi 3 min kiloqram olan maket alüminiumdan və 3D-printerdə çap olunmuş elementlərdən hazırlanıb. Onun yaradılmasına 4 min saatdan çox vaxt sərf edilib.

Maketdə zanbaq və minarə obrazları müşahidə olunur. Onun dünyanın ən yüksək müşahidə meydançası ilə tamamlanacaq arxitekturası uzunsov qönçə şəklində olacaq. Müşahidə meydançasından “Ras Al Khor” Milli Vəhşi Təbiət Qoruğuna gözəl mənzərə açılacaq.

Nəşr yazır ki, qüllənin təməli indinin özündə beynəlxalq rekord vurub. Qüllənin hündürlüyü 80 mərtəbəli binaya bərabər olan “qönçəsi”nin tikintisinə 12 min ton polad, “gövdəsi”nə Londondan Barselonaya səki tikintisinə yetəcək qədər – 240 min kubmetr beton sərf olunacaq.

Gununsesi.info