Düşmən ən ağlasığmaz yerlərdə minalar basdırır – EKSPERT RƏYİ

  • By admin
  • 05 Fevral 2021 19:40

Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ildən bəri işğalda olan torpaqlarımızı işğaldan azad etdi.

Artıq illərdir ki, doğma yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlər doğma yurd-yuvalarına dönməyi – ölkə başçısının dediyi kimi “Böyük qayıdış”ı gözləyir.

“Böyük qayıdış”ın həyata keçirilməsi üçün həmin ərazilərdə infrastrukturun bərpa edilməsi, tamamilə yenidən qurulması prosesinə sürətlə start verilsə də, işğalda olduğu müddətdə yerləşdirilən minalar ümumi prosesə mənfi təsir göstərir.

Ermənistan minalı ərazilərin xəritəsini verməkdən imtina etdiyinə görə, bu prosesdə Azərbaycan öz bacarığına, tərəfdaşların köməyinə və dünya təcrübəsinə əsaslanır.

Gununsesi.info xəbər verir ki, Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib ki, “Böyük qayıdış”ın baş tutması məsələsi ərazilərin minalardan təmizlənməsindən birbaşa asılıdır:

“Qaçqınların və məcburi köçkünlərin əvvəl olduqları yerə qayıtması – repartasiya prosesi insanların təhlükəsizliyi baxımından minaların təmizlənməsindən sonra həyata keçirilir. Bundan əvvəl isə orada işləyənlərin – infrastruktur layihələrini həyata keçirənlərin, ərazidə qiymətləndirmə aparanların təhlükəsizliyi üçün ərazilər minalardan və partlamamış sursatlardan təmizlənməlidir. Cənab Prezident də çıxışında vurğuladı ki, bizim işimizi çətinləşdirən Ermənistan tərəfininin minalı ərazilərin xəritələrini və formulyarlarını bizə verməməsidir. Bu, onu göstərir ki, biz həmin əraziləri qarış-qarış yoxlamalıyıq. Çünki son vaxtlar baş verən hadisələr də onu göstərir ki, hətta ən ağlasığmaz yerlərdə də minalara rast gəlinir. Təkcə yanvar ayında 10 nəfər, son günlərdə isə 6 nəfər minaya düşüb. Ona görə də hər yer tam yoxlanaraq minadan təmizlənməlidir ki, sonrakı proseslər – infrastruktur, “ağıllı kənd”, “ağıllı şəhər” layihələri uğurla həyata keçirilsin”.

Ekspert bildirib ki, bu prosesdən Balkan ölkələrində istifadə olunub:

“Amma bildiyimə görə, orada tərəflər bir-birlərinə xəritələri vermişdilər. Amma, təəssüf ki, bizim qonşumuz onlardan fəqli olaraq xəritələri verməkdən imtina edir. Bu, bizim işimizi daha da çətinləşdirir. Minaların təmizlənməsi üçün beynəlxalq birliyi cəlb etmək olar. Prezident də bununla bağlı birgə müəssisələrin yaradılması, mina təmizləyən təşkilatlarla əlaqələrin qurulması, ən son model minatəmizləyən maşınların alınaraq ölkəyə gətirilməsi barədə göstərişlərini verdi”.

H.Səfixanov qeyd edib ki, narahatedici digər məsələ hərbçilər tərəfindən həyata keçirilən minatəmizləmə prosesinin beynəlxalq standartlara uyğun gəlib-gəlməməsidir:

“Hazırda minaların təmizlənməsi prosesini Rusiya sülhməramlıları ilə yanaşı, Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin, Müdafiə Nazirliyinin hərbçiləri Türkiyə hərbçiləri ilə birgə həyata keçirir. Bundan başqa, Dövlət Sərhəd Xidməti də sərhəd ərazilərdə bu prosesdə iştirak edir. Amma hərbçilərin təmizlədiyi mina sahələrinin beynəlxalq standartlara, BMT-nin müəyyən etdiyi kriteriyalara hansı formada cavab verdiyini hələlik deyə bilmirik. Çünki onların hansı minatəmizlənməni həyata keçiridiyi barədə məlumat yoxdur. Ümumilikdə ərazilərdə minalar və partlamamış sursat aşkar edilərək zərərsizləşdirildiyi və ya partladıldığı barədə məlumatlar var”.

Birlik sədri deyib ki, hazırda ölkədə böyük bir minatəmizləmə prosesi aparılır:

“Görünən odur ki, ərazilərin minalardan təmizlənməsi üçün deyilən 12 il müddəti ölkə başçısını qane etmir. Bu da başadüşüləndir, çünki “Böyük qayıdış” prosesi bu qədər gözləyə bilməz. Prezident İlham Əliyevin sərəncamı ilə minaların təmizlənməsi ilə bağlı Agentliyin yenidən təşkil edilməsi, yeni rəhbərliyin təyini ümumi işin xeyrinədir. Dünyada mina təmizlənməsi ilə bağlı kifayət qədər təşkilatlar var və yəqin ki, yeni rəhbərlik onlarla əlaqə yaradacaq. Biz də təşkilat olaraq yeni rəhbərliyə öz xidmətimizi təklif etmək fikrindəyik ki, əlaqədə olduğumuz təşkilatlarla əməkdaşlıq etmək istəsələr vasitəçi ola bilərik”.

H.Səfixanovun sözlərinə görə, beynəlxalq ictimaiyyəti bu prosesə cəlb etməyin bir yolu da Minaların Qadağan Olunması haqqında Konvensiyaya qoşulmaqdır:

“Azərbaycan indiyədək bu Konvensiyaya qoşulmasa da, bu sənəddən irəli gələn bir çox məsələlərə könüllü şəkildə əməl edib. Bizim əsaslandırmamız belə idi ki, konflikt həll edilməyincə Konvensiyaya qoşula bilmərik. Çünki döyüş əməliyyatları zamanı istənilən silah növündən istifadə etmək məcburiyyəti yarana bilərdi. Artıq münaqişə həll edildiyinə görə, Azərbaycanın Konvensiyaya qoşulması mümkündür və bu, ümumi prosesə müsbət təsir göstərər”. (Report)

Gununsesi.info