Duz yürüşü, Mahatma Qandi və günümüzün duzsuz söhbətləri- LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

Duz yürüşü, Mahatma Qandi və günümüzün duzsuz söhbətləri

Tanıyanlar bilir ki, yuxuya çox inanan adamam.

Bəzən gecə gördüyüm yuxuma uyğun hərəkət edirəm, özümü tamamilə yuxunun ixtiyarına buraxıram desəm buna inanın.

Bu gecə də yuxuda duz gördüm. Səhər açılnca ilk işim internetdə axtarış vermək oldu. Xeyrə yoxuldu yuxum, duz bərəkətmiş bolluqmuş, ağız dadıymış və s..

12 martın tarixdə duz yürüşü kimi qaldığını da mənə internet xatırlatdı. Xatırlatdı deyəndə ki, açığı bu haqda heç nə bilmirdim, bu mənada öyrətdi desəm daha yerinə düşər.

Deməli, 78 il bundan əvvəl, 1930-cu il martın 12-də Mahatma Qandi 78 nəfər fəalla yürüşə başlayıb. Tarixdə bu yürüşün adına Duz yürüşü deyirlər. “Duz Yürüşü” müstəmləkəçi Britaniyanın duz monopoliyasına qarşı keçirilən dinc etiraz aksiyası idi. Ki, sonradan Hindistan tarixinə çox ciddi təsiri oldu. Bu yürüş 390 km məsafəni əhatə edib. Nümayişlərə 100 minlərlə insan qatılıb. Təsəvvür edin, bu hələ Hindistanın duza gedən vaxtlarında olub ha.. Bilmirəm, indi olsa neçə milyon qatılar?Bəlkə də heç qatılmaz. Çünki, əsas məsələ duz deyil, liderdir.

1930-cu ildə də Mahatma Qandi vardı duz yürüşünə çıxanların qabağında. İndiki yürüşlər, mitinqlər məncə ona görə alınmır ki, liderlər Mahatma Qandi deyil. Nə isə. Məqsədim Mahatma Qandidən yazmaq deyil.

Heç martın 10-da Məhsul stadionunda reallaşan mitinqdən də. Zamanında mənim qədər mitinqdən yazan olmayıb. Sonra görmüşəm ki heç zad. Biri birinə güzəştə getməyən iki partiya sədrinə həyatımızı güzəştə gedə bilmərik. İndi heç kənardan da baxmıram bu yürüşlərə. Duzsuz yürüşlərdir çünki, MƏHSUL zaydı.

Lap Masazır gölü ətrafından birbaşa kisələrə yığılan və dərhal satışa çıxarılan kanalizasiya suyuna bulaşmış xörək duzu kimi.

Bu haqda yazılan yazıları da oxumuram açığı. Onlar da lap zayın zayıdır. Hamısı məqsəd güdür. Biri deputat olmaq istəyənin yazısıdır, biri qrant almaq istəyənin, biri də nə bilim siyasi sığınacaq almaq istəyənin. Mən isə sadəcə bu yazıya görə qanorar almaq istəyirəm. Və məni bu mövzuda danışmağa vadar edən də gecəki yuxumdur vəssalam. Demirəmmi duz görmüşdüm yuxuda.

Yozmasına inandım və “Allah, sənə çox Şükür” elədim. Bir də gördüm qabağımda cürbəcür xəbərlər var. Hamısı da duzsuz-duzsuz. Onda barmağımı dişlədim ki, yuxumdakı duzun bu duzsuz yazılarla mütləqa bir əlaqəsi var.

Məsələn, bir hörmətli qələm adamı jurnalistlərin qurultayında Əflatun Amaşovun yenidən Mətbuat Şurasının sədri seçilməyini belə şərh edib.

“Amaşov Azərbaycan jurnalistlərinin başına gələn ən yaxşı olaydır”.

Və yaxud, daha bir duzsuz açıqlama. Azərbaycanda 1200 məktəblii abort elətdirib xəbərinə Səhiyyə Nazirliyinin baş mama ginekoloqu Sevinc Məmmədovadan gəlib. 1200 kimi ağır, ciddi rəqəmin qarşısına xanım baş ginekoloq duzsuz söz yığını ilə çıxıb.

“Bizim tərbiyəmiz, mentalitetimiz yol vermir ki, 9-11-ci sinif şagirdləri abort etdirsin”.

Xanım baş ginekoloqa nə DUZu xatırladıblar, nə DÜZü. O da özü üçün danışıb.Elə bil abort stoluna uzanan məktəblinin başını aldadır.

Nə isə. Başınızı ağrıtmayım.

Görək axşam yuxuda nə görürəm?

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info

COMMENTS