Bakı-Qazax yolunda magistral su xəttindəki qəza ilə bağlı yaranan tıxac aradan qaldırılıb”.
Gununsesi.info xəbər verir ki, bunu hadisə ilə bağlı əraziyə gələn Bakı Şəhər Baş Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev deyib.
O qeyd edib ki, hazırda yol polisi əməkdaşları yolda müntəzəm hərəkətin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir:
“Lakin buna baxmayaraq, asfalt örtüyündə su tam təmizlənənə qədər DYP əməkdaşları ərazidə xidmətlərinə davam etdirəcəklər. Proses mövcud vəziyyət tam bərpa edilənə qədər aparılacaq”.
13:52
Fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov Qaradağ rayonu ərazisində Kür-Bakı magistral su kəmərində qəza baş vermiş əraziyə gəlib.
Gununsesi.info xəbər verir ki, nazir müavini kəmərdə qəza nəticəsində yaranmış vəziyyətlə tanış olub, hadisənin fəsadlarının aradan qaldırılması üçün lazımı göstərişlər verib.
Xatırladaq ki, aidiyyəti qurumların əməkdaşları hazırda hadisə yerindədir, qəzanın nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür.
12:58
“Hadisə dünən gecə saat 12-1 aralığında baş verib. Bizim operativ şöbəyə məlumat daxil olan kimi dərhal Səngəçal stansiyasından su verilməsi dayandırılıb. Əraziyə qəza briqadalarımız göndərilib. Çox böyük həcmdə su dağılıb, həm ətraf əraziləri, həm də Bakı-Qazax yolunu subasma halları baş verib”.
Oxu.Az xəbər verir ki, bu sözləri “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib. O, Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində partlamasının səbəblərindən və görüləcək tədbirlərdən danışıb:
“Hadisə nəqliyyatın hərəkətinə pis təsir göstərib. Mütəxəssislərimiz hadisə yerində olublar. Qərara alınıb ki, qəzanın miqyası müəyyən olunsun, xəttin təmirinə və ya dəyişdirilməsinə qərar verilsin. Qeyd edim ki, bu müddətdə əhalinin içməli su təchizatına heç bir problem yaşanmayacaq. Çünki bu istiqamətdə bizim Bakı şəhərinə iki magistral su kəmərimiz daxil olub: “Kür-3” və “Kür-1” xətti. Qəza “Kür-3” xəttində baş verib, ancaq “Kür-1” xətti tam işlək vəziyyətdədir”.
Qurum rəsmisi vurğulayıb ki, hazırda Lökbatan qəsəbəsi, 20-ci sahə deyilən ərazi, Hacıqabul şəhərinin kəndləri, Binəqədi və Qaradağ rayonunun bəzi ərazilərinə həmin o kəmərlə suyun verilməsi təmin olunub:
“Eyni zamanda əks-istiqamətdə Oğuz, Qəbələ və Ceyranbatan xətlərindən də suyun verilməsi həyata keçiriləcək ki, ictimai su təchizatında problem yaşanmasın. Bu kəmər sovet dövründə çəkilən kəmərdir, uzun müddət istismar olunub, hər il bir neçə dəfə müxtəlif yerlərində qəzalar baş verib. Biz də hər il qəzanın baş verdiyi hissələri yeniləmişik. İndi isə xəttin digər hissələri yenilənəcək. Çünki sovet dövründə çəkilmiş və şoran torpaqdan keçən xətdir. Hazırda Bakı şəhərində digər mənbələrdən də normal qaydada su verilir. Kür-Bakı su kəməri 1970-ci ildə istismara verilib. Yenilənməyə ehtiyac var və yenilənəcək. Çünki Kür su kəməri Bakı şəhərinin və Abşeron yarımadasının su təchizatında müstəsna yeri olan mənbədir”.
Gununsesi.info-nun məlumatına görə, Bakı Şəhər Baş Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev də hadisə ilə bağlı açıqlama verib.
Onun sözlərinə görə, gecə saatlarında magistral su xəttində baş verən qəza səbəbindən Lökbatan dairəsi yaxınlığında avtomobil yoluna axan su avtomobillərin hərəkətində çətinlik yaradıb. Hazırda hadisənin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür:
“Hazırda qəza səbəbindən Lökbatan qəsəbəsindən keçən yolun 19-cu kilometrliyində polis əməkdaşları yolda nəqliyyatın hərəkətini tənzimləməyə çalışırlar. Qısa zaman ərzində yolda nəqliyyatın hərəkəti tam bərpa ediləcək”.
12:20
“Qaradağ rayonu ərazisində su magistralının partlaması nəticəsində yaranmış fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir”.
Gununsesi.info xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov deyib.
Füzuli Əsədovun sözlərinə görə, hazırda hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki Müdafiə qoşunlarının şəxsi heyəti cəlb olunub.
“Əraziyə Nazirliyin 10-dan artıq texnikası və 14-ə yaxın nasosu gətirilib. Məqsədimiz ilk növbədə magistral yolun tam açılmasına nail olmaqdır. Bununla bağlı görülən tədbirlər nəticəsində artıq yolda hərəkət qismən təmin olunub”.
Oxu.Az-a açıqlamasında baş nazirin müavini Şahin Mustafayev isə bildirib ki, Bakı-Qazax yolunda su borusunda baş verən partlayışa görə şəhər ərazisində, həmçinin Lökbatan qəsəbəsində suyun verilməsində problem yaranmayıb.
Nazir müavini qeyd edib ki, hazırda hadisənin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Gununsesi.info