DYP rəsmisindən kreativlik axtaran sürücülərə XƏBƏRDARLIQ -FOTO

Gündəlik həyatda yeniliklərlə qarşılaşırıq. Bu dəfə toxunacağımız mövzu isə paytaxt sakinləri arasında kreativlik axtaran sürücülər barəsindədir. Belə ki, Bakıda radara düşən bəzi sürücülərin böyük əksəriyyəti sükanı buraxaraq əllərini lyukdan, pəncərədən çıxarırlar. Onlar buna səbəb isə elektron cərimə protokolunda maraqlı fotolarının olacaqlarını göstərirlər.

Deyəsən ölkədə radarlar fotostudiyaların, fotoqrafların yerini tutmaq üzrədir. Hətta sürücülərdən biri sürət həddini aşaraq radara düşüb, üstəlik kameralara poz verərək elektron protokolla gələn fotonu çərçivələtdirib və evin divarından asaraq fotoqalereyasına əlavə edib. Bununla bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb və müzakirələrə səbəb olub.

Bəs bir şəklə minimum 10 manat verməyinə dəyərmi? Qanunla belə “kreativ” sürücülər barəsində tərtib edilən protokol yalnız sürət həddinin aşılmasına müvafiq olaraq tərtib edilir, yoxsa əlavə məsuliyyət də var?

Mövzuya münasibət bildirən Bakı Şəhər Dövlət Yol Polisi İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında şəkil çəkdirmək üçün daha faydalı və ağıllı üsulların olduğunu deyib:

“Foto çəkdirməyin müxtəlif yolları var ki, çeşidləməyə gərək yoxdur, hamımız bilirik. Elektron cərimə protokolları İnzibati Xətalar Məcəlləsinin (İXM) 328-ci maddəsinə əsasən tənzimlənir (Maddə 328. Yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma).

Cərimələr 10-250 manat aralığında müəyyən olunub. DYP əməkdaşı olaraq heç kimə bu cür təhlükəli və bahalı şəkillər çəkdirməyi tövsiyə etmirəm. Daha təhlükəsiz şəkillər çəkdirmək olar və bunun üçün ən yaxşı halda fotoqraflara müraciət etmək kifayətdir”.

Gununsesi.info