DYP sürücülərə müraciət etdi

  • By admin
  • 28 Dekabr 2021 11:01

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin nasazlıqları ilə bağlı sürücülərə müraciət edib.

İdarənin baş inspektoru Araz Əsgərli Publika.az-a bildirib ki, “Yol hərəkəti haqqında” qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısı müəyyən edilib.

O deyib ki, İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə uyğun olaraq, nəqliyyat vasitəsində bu nasazlıqlar şəxsin iradəsindən asılı olmadan, yəni vaxtında, düzgün texniki qulluq edilmədən aşkarlanarsa, sürücünün 50 manat məbləğində cərimə olunması nəzərdə tutulur: “Lakin sürücü nəqliyyat vasitəsinin istehsalçı tərəfindən müəyyən edilmiş konstruksiyana əlavə və dəyişikliklər edərsə, ona İnzibati Xətalar Məcəlləsinin 342.2-ci maddəsinə uğun olaraq, 150 manat cərimə tətbiq edilir”.

Baş inspektorun sözlərinə görə, hər bir sürücünün “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinə uyğun olaraq, vəzifələri var: “Bu vəzifələrin içərisində avtomobilini tam saz vəziyyətində idarə etməsi də onun məsuliyyətidir. Əks təqdirdə, nəqliyyat vasitəsini nasaz vəziyyətdə idarə olunması inzibati xəta tərkibi yaratmaqla yanaşı yol-nəqliyyat hadisələrində baş vermiş hadisənin ağırlıq dərəcəsinə, yəni xəsarətin az ağır və ağır, eyni zamanda, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrində başlanılan cinayət işlərində avtotexniki ekspertiza müəyyən edildikdən sonra avtomobilin nasaz vəziyyətdə idarə olunmasına görə sürücü cinayət tərkibli əməldə təqsirli hesab oluna bilər”.

“Sürücülərimizdən xahiş edirik ki, nəqliyyat vasitələrini idarə edərkən onun sazlığına mütamadi şəkildə diqqət yetirsinlər. İnzibati xəta ilə yanaşı daha ağır məsuliyyətin yarandığı hallarda avtomobilin nasaz vəziyyətdə olması faciələri qaçılmaz edir və şəxsin məsuliyyətinin daha da ağırlaşmasına səbəb olur. Bu baxımdan bir daha sürücülərə avtomobilləri saz vəziyyətdə saxlamağı və qanunvericiliyin tələblərinə riayət etmələri xahiş edirik. Qarşıdan gələn istirahət günlərində sazlığına əmin olmadığınız avtomobillərlə uzaq məsafələrə səfər etməməyi və bu müddət ərzində fürsətdən istifadə edib istismar etdiyiniz avtomobillərin nasazlıqlarının aradan qaldırılmasını da xahiş edirik!”, – idarə rəsmisi vurğulayıb.

Gununsesi.info