“Efirlərdə elə sözlər işlədilir ki, yaşlı nəsil onları anlamır” -Gülşən Əkbərova

“Efirlərdə müəyyən qüsurlar çoxdur. Təəssüf ki, bir çox aparıcıların və çıxış edən qonaqların nitqində normalara bəzən kifayət qədər diqqət yetirilmir. Heca vurğusuna, fonetik, leksik və qrammatik normalara bəzən kifayət qədər diqqət yetirilmir”.

Bu sözləri “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” konfransı çərçivəsində keçirilən “Televiziya və radio məkanında Azərbaycan ədəbi dilinin normalarına əməl olunması vəziyyəti və nitq mədəniyyəti” mövzusunda panel sessiyada Azərbaycan Televiziyasının veteran diktoru, jurnalist Gülşən Əkbərova söyləyib.

“Efirlərdə elə sözlər işlədilir ki, yaşlı nəsil onları anlamır və deyilən fikirlər onlara tam çatmır.

Məsələn, “investisiya” əvəzinə “gəlir gətirən qoyuluş”, yaxud sadəcə “mənfəət” demək olar. Axı bu sözlərin Azərbaycan dilində qarşılığı var. Əgər biz bu anlayışları öz dilimizdə ifadə etsək, hər kəs üçün daha anlaşılan və aydın olar.

Eyni hal “motivasiya” sözünə də aiddir. “Motivasiya” latın mənşəlidir və “həvəsləndirmə”, “cəlbetmə” mənasını verir. “Adekvat” – yəni “uyğunluq”, “qlobal” isə “dünyamiqyaslı” deməkdir. Görün, bu sözlərin Azərbaycan dilindəki qarşılıqları nə qədər gözəl səslənir.

Eləcə də “kreativlik” – “yaradıcılıq” anlamına gəlir. Yaşlı nəsil “kreativ” sözünün mənasını bilmədikdə, deyilənləri tam dərk edə bilmir. “Alternativ” – yəni “əvəzləyici, fərqli seçim” deməkdir. Bu kimi nümunələri çox çəkmək mümkündür”.

Gülşən Əkbərova qeyd edib ki, bu cür hallara diqqət yetirilməli, efir dilində yad sözlərin həddindən artıq istifadəsinə yol verilməməlidir.

“Dilin saflığını qorumaq, onu daha anlaşılan və doğma şəkildə təqdim etmək vacibdir”-deyə Gülşən Əkbərova əlavə edib.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info