
Ötən gün ölkənin data sektorunda yetərincə tanınan Kamran Agayev İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində Data idarəolunması departamentinə direktor təyin edilib.
Düşünürəm ki, uğurlu təyinatdır.
Hazırda Azərbaycanda dövlətin əlində nəhəng data formalaşıb. eGov sahəsində ən ciddi problemlərdən biri də dövlətə məxsus bu dataların idarə olunması, onlardan effektiv istifadə olunmasıdır. Elə tendensiya formalaşıb ki, hələ də bəzi dövlət qurumları öz datasına özünün özəl məhsulu kimi baxır. İnteqrasiyaya, digər dövlət qurumlarının və özəl sektorun ondan istifadəsinə imkan vermir.
Məhz bunun nəticəsidir ki, bizdə hələ də eGov resurslarında olan şəxsi məlumatlar rəqəmsal sənəd statusuna malik deyil, sadəcə məlumatdır.
Azərbaycan hazırda açıq məlumat bazalarına əlçatanlıqla bağlı region ölkələri arasında xoşagəlməz vəziyyətdə olan ölkələr sırasındadır.
Çox məhdud sayda dövlət qurumların məhdud sayda da açıq bazaları əlçatandır.
Biznes sektoru və startap ekosistem üçün, analitik qurumlar və elmi araşdırmalar üçün, müxtəlif süni intellekt həllərinin hazırlanması üçün bu datalardan effektiv istifafə vəziyyəti olduqca aşağı səviyyədədir.
Bəzi dövlət qurumları isə özünün datası üzərində kommersiya qurub və sakitcə pul qazanırlar. Digərlərinə isə bu bazadan istifadəyə imkan vermirlər.
Ümumiyyətlə , dövlətə məxsus data sektorunda yetərincə problemlər var.
Ən yaxşı halda, yalnız dövlət qurumlarının özləri bu datalardan bəhrələnirlər, gəlirlər götürürlər, hansısa daxili qərarların qəbulu üçün bu datalardan analitik təhlillərindən istifadə edirlər.
Düşünürəm ki, eGova-a cavabdeh olan İRİA-nın Data departamenti bu sahədə yetərincə peşəkar olan, beynəlxalq təcrürəbədən xəbərdar olan Kamran bəyin rəhbərliyi ilə qısa zamanda sektorda olan bu problemlərin aradan qaldırılmasında ciddi dönüş yaradacaq.
Osman Gündüz