Bu gün – 18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar Azərbaycanda bir sıra muzey və tarixi-mədəniyyət qoruqlarında “açıq qapı” günü keçiriləcək. Belə ki, ziyarətçilər bu məkanlara ödənişsiz şəkildə baş çəkə biləcəklər.
Gununsesi.info xəbər verir ki, bununla bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Qeyd edək ki, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü dünyada tarixi irsin qorunmasına diqqət çəkmək məqsədi ilə qeyd olunur. Bu gün münasibətilə müxtəlif ölkələrdə olduğu kimi, Azərbaycanda da mədəni irs nümunələrinin daha yaxından tanıdılması üçün xüsusi tədbirlər həyata keçirilir.
“Açıq qapı” günü çərçivəsində vətəndaşlar və şəhər qonaqları tarixi abidələr, muzey eksponatları və mədəni irs nümunələri ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər. Bu təşəbbüs həm tarixi məkanlara marağın artırılması, həm də cəmiyyətin mədəni irsin qorunması ilə bağlı məlumatlılığının gücləndirilməsi baxımından əhəmiyyətli hesab olunur.












