Əhməd Cavadın Novruz şeiri

  • By ilhame
  • 21 Mart 2024 20:21

Xalqımız Novruz bayramını qeyd edir.

Bu münasibətlə Gununsesi.info Azərbaycanın milli-istiqlal şairi Əhməd Cavadın 1919-cu ildə qələmə aldığı Novruz Bayramına həsr edilən “Dördatlı yenicə gün” adlı şeirini təqdim edir:

Novruz bayramı

Minib dörd atını, çapır dördnala,

Düzlərdən, çöllərdən gəlir Yenicə gün!

Yel qanadlı, od ürəkli, su üzlü,

Yolların bağrını dəlir, Yenicə gün!

 

Öldürür sazağı, qovur soyuğu,

Yaşıl xalı edir bağı, qoruğu.

Boy verib qaldırır nazik çubuğu,

Dağlardan, sellərdən gəlir Yenicə gün!

 

Torpağa çatınca toxtayır bir az,

Arxada qarlı qış, öndə güllü yaz.

Göyərmiş bənövşə, ləçəyi ətlas,

Qrovu, qarını silir Yenicə gün!

 

Bu torpaq cövhərdir başdan, binadan,

Nə atadan olub, nə də anadan.

Asılı qalıbdır ulu səmadan.

Ətirli güllərdən gəlir, Yenicə gün!

 

Qardan, buzdan çıxan nərgizlərə bax,

Rəngindən qan daman o qızlara bax!

Yerə həsrət çəkən yıldızlara bax!

Cocuq gözlərində gülür Yenicə gün!

 

İstəyi, amalı ox ucundadır!

Gücü Yel gücündə, sel gücündədir!

Yerin xəbər alsan Qız bürcündədir,

Özünü Günə tən bilir Yenicə gün!

 

Əhməd Cavad, Gəncə, 1919

Gununsesi.info