Məlum olduğu kimi, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Qəhrəman Mənsimzadə sosial şəbəkələrdəki çıxışında Müdafiə Nazirliyiilə bağlı şikayətini dilə gətirib, sözügedən qurumu onun pulsuz müalicəsini təmin etməməkdə ittiham edib.
Qəhrəman Mənsimzadənin məlum ittihamları ilə əlaqədar olaraq Moderator.az-a müraciət edən Silahlı Qüvvələrin Hərbi Qospitalının sabiq rəisi, tibb xidməti polkovniki Həşim Cəfərov, Mərkəzi Hərbi Həkim Komisiyasının keçmiş rəisi, tibb xidməti polkovniki Firudun Qarabəyov və Silahlı Qüvvələrin baş terapevti, tibb xidməti polkovniki Azad Məmmədov Q.Məsimzadənin ittihamlarına münasibət bildirib. Gununsesi.org həmin müraciəti oxuculara təqdim edir:
“Son günlər SQ-in ehtiyatda olan polkovniki Qəhrəman Mənsimzadənin Müdafiə Nazirliyi ilə bağlı səsləndirdiyi ittihamedici fikirlər bizdə böyük təəssüf və məyusluq doğurmaqdadır. Buna səbəb Q.Mənsimzadənin heç də Müdafiə Nazirliyini tənqid etməsi deyil. Buna səbəb Q.Mənsimzadənin öz ittihamlarında konkret faktlara deyil, subyektiv və əsassız fikirlərə istinad etməsi, ictimai rəyi yanlış yönə istiqamətləndirməsi, bütövlükdə ordu quruculuğu prosesinə kölgə salmasıdır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ordu quruculuğunun uğurla inkişaf etdirildiyi, ordumuzun müasir silah-sursat və hərbi texnika ilə təchizatının ən yüksək səviyyədə həyata keçirildiyi, döyüş hazırlığının, peşəkarlığının dünyanın ən müasir orduları səviyyəsinə qaldırıldığı heç kimə sirr deyil. Beynəlxalq təşkilatların, hərbi institutların hesabatlarında Azərbaycan ordusunun yüksək pillələrdə qərarlaşması bu inkişaf və tərəqqinin bariz nümunəsidir.
Maraqlıdır ki, Q.Mənsimzadə Müdafiə Nazirliyi tərəfindən ona göstərilən diqqət və qayğıdan narazı idisə, yaxud hansısa qanunsuz tələblə üzləşmişdisə, öncə bu qurumun rəhbərliyinə müraciət etməli, öz sual və ittihamlarını ilk öncə bu quruma ünvanlamalı idi. Belə olardısa, o zaman Müdafiə Nazirliyi onun müraciətinə araşdırar, əgər həqiqətən də ortada hər hansı anlaşılmazlıq varsa, dərhal bunun ortadan qaldırılmasını təmin edərdi. Lakin Q.Mənsimzadə belə etmir. O, Müdafiə Nazirliyinə deyil, sosial şəbəkədən bilavasitə publikaya müraciət edir ki, bu da onun əsl niyyətinin adıçəkilən qurumu, onun kollektivini gözdən salmaq olduğunu göstərir.
Qəhrəman Mənsimzadə qeyd edir ki, o, Silahlı Qüvvələrdən pensiyaya çıxsa da, Müdafiə Nazirliyinin tibbi müəssisələri ona pulsuz tibbi yardım göstərmir. SQ-in ehtiyatda olan polkovniki bunun qanuna zidd olduğunu bildirir və ictimai rəyi də məhz bu konteksdə məlumatlandırır. Halbuki, Q.Mənsimzadənin Müdafiə Nazirliyinin tibbi müəssisələrindən pulsuz faydalanması üçün qanuni əsas yoxdur və onun bu tələbinin özü açıq-aşkar qanunaziddir. Çünki Qəhrəman Mənsimzadə SQ-dən öz arzusu ilə ayrıldığı üçün o, eləcə də bu kateqoriyadan olan digər hərbçilər Müdafiə Nazirliyinin tibb müsəssisələrindən pulsuz faydalanmaq hüququna malik deyillər.
“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 6-cı bəndində pulsuz tibbi xidmətdəən kimlərin faydalana biləcəyi açıq şəkildə göstərilir. Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 6-cı bəndini olduğu kimi Q.Mənsimzadənin diqqətinə çatdırırıq:
“Yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış, 20 il və daha çox xidmət etmiş böyük və yüksək rütbəli zabitlərin, habelə elə bu qədər xidmət etmiş və xəstəliklərə görə buraxılmış başqa zabitlərin, habelə onların ailə üzvlərinin (arvadının, 16 yaşınadək uşaqlaırnın), vəfat etmiş böyük və ya yüksək rütbəli zabitlərin arvadlarının, bu şəxslərin sırasından olub ailə başçısını itirməyə görə pensiya alan pensiyaçıların hərbi-tibbi müəssisələrdə tibii təminatı, sanatoriya-korort müalicəsi və istirahət hüququ saxlanılır”.
Qəhrəman Mənsimzadə kəşfiyyat və əks-kəşfiyyat zabitlərinin pulsuz tibbi xidmətdən yararlandığını, ona isə bu imkanın tanınmadığını bildirir və bunu da növbəti qanunsuzluq kimi dəyərləndirir. Halbuki, Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 4-cü bəndində açıq-aydın deyilir ki, “hərbi qulluqçuların ailə üzvlərinin tibbi təminatı başqa vətəndaşlarla ümumi əsaslarla həyata keçirilir”. Bu o deməkdir ki, hərbi qulluqçuların tibbi təminatı ilə digər vətəndaşların tibbi təminatı arasında heç bir fərq yoxdur və bu məsələdə hərbi qulluqçulara hər hansı imtiyaz tanınmır.
Kəşfiyyat və əks-kəşfiyyat orüqanlarının əməkdaşlarının pulsuz tibbi xidmətdən faydalnmasına gəlincə, bu, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinin 20.7-ci bəndində öz əksini tapan, qanunla təsbit edilən hüquqdur. Xatırladq ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinin 20.7-ci bəndində deyilir: “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları (pernsiyaya çıxmış əməkdaşlar da daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar”.
Qanundan da göründüyü kimi, kəşfiyyat və əks-kəşfiyyat subyektlərində çalışan, habelə bu orqanlardan pensiyaya çıxan şəxslərin pulsuz tibbi xidmətdən yararlanmaq hüququ var və onlara bu hüququ qanun verir. Odur ki, Q.Mənsimzadənin öz statusunda olan şəxsləri kəşfiyyat və əks-kəşfiyat strukturunda çalışan, bu orqanlardan pensyaya çıxan şəxlslərlə müqayisə etməsi, bu müqayisədəki fərqi qanun pozuntuu kimi təqdim etməsi məntiqəziddir və hüquqi bilgisizlikdən xəbər verir. Halbuki, Q.Mənsimzadə SQ-də xidmət edən və polkovnik rütbəsinə qədər qalxan bir şəxs kimi ən azından sözügedən qanunlar və onlar arasındakı elementar fərqi bilməli idi.
Göründüyü kimi, Q.Mənsimzadənin ittihamları və bu ittihamların qanuna nə dərəcədə zidd olduğu ortadadır. Yəqin ki, Q.Mənsimadə bu müraciət oxuyandan sonra ittihamları ilə qanunlar arasında hansı miqyasda uyğunsuzluq olduğunu anlayacaq, irəli sürdüyü ittihamların əsassız olduğunu dərk edəcəkdir. Və anlayacaqdır ki, o, Müdafiə Nazirliyi haqqında səsləndirdiyi itihamlarla ictimai rəyi çaşdırıb, onu yanlış məcraya yönəltməklə adıçəkilən dövlət qurumu haqqında obyektivliyə zidd olan imic formalaşdırmağa cəhd edib.
Hesab edirik ki, indiki məqamda Qəhrəman Mənsimzadə etdiyi əməlin yanlış olduğunu etiraf etməli, ən azından ictimaiyyətdən üsr istəməlidir. Q.Mənsimzadənin indiki vəziyyətində belə bir addım atması ilk növbədə onun ictimaiyyətə olan hörmət və həssasiyyətini əks etdirər, ictimai rəydə sağlam müzakirələrə yol açar.
Ümid edirik ki, Q.Mənsimzadə belə bir etiraf üçün özündə lazımi güc tapacaq və növbəti dəfə hansısa qurumu ittiham etməzdən öncə qanunlara nəzər salacaqdır”.