
Bugün səhər saatlarında Mingəçevir Şəhər Polis Şöbəsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan xidməti qayığın Kür çayında qanunsuz balıq ovlayan brakonyer tərəfindən yandırılması və nəticədə nazirliyin regional idarəsinin iki əməkdaşının müxtəlif dərəcəli yanıq xəsarətləri alması ilə bağlı məlumat daxil olub.
DİN-dən Gununsesi.info-ya daxil olan xəbərə görə, əməliyyat-istintaq qrupu dərhal hadisə yerinə cəlb olunub, zəruri prosessual hərəkətlər yerinə yetirilib. Keçirilən tədbirlər nəticəsində hadisəni törədən şəxsin əvvəllər də məhkum olunan Şaban Məmmədov olduğu müəyyən edilib və o, tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.
Gununsesi.info