Ekonometrik avtomobil qəzaları ilə bağlı həyacan təbili çalır

İki gün öncə açıqlanan rəsmi statisikaya görə 2023-cü ilin ilk 9 ayında avtomobil qəzalarında ölən insan sayısı 627 nəfər olmuşdur.

Rəsmi statistikaya əsasən, qeyd edilən müddətdə avtomobil qəzalarının sayı ötən ilin eyni dövrü ilə müqaisədə 4.4%, xəsarət alanların sayı isə 2.2% azalsa da, avtomobil qəzalarında ölən şəxslərin sayı 6.8% artıb.

Qəzların və qəzalarda xəsarət alanların sayının azaldığı təqdirdə, ölənlərin sayının artmasının səbəbi nədir? Bunun çox sayda cavabı olsa da, başqa bir məqama çəkmək istərdim.

Verilən statistikalara əsasən qeyd edilən dövrdə hər gün ortalama olaraq 2.3 insan (627 ölüm /273 gün) həyatını itirmişdir.

Bu kimi hallarda, müəyyən bir hadisənin təkrarlanma ehtimalını hesablamaq üçün statistika elmində Poisson paylanmasından istifadə edilir.

Poisson paylanmasına əsasən hesablama edikdə, Azərbaycanda 2023-cü ilin ilk 9 ayında gündəlik  ortalama ölüm sayının ehtimaları Qrafik 1-də təqdim edilmişdir.

Bu məlumatlara əsasən, ilk 9 ayda avtomobil qəzalarında ortalama olaraq ölüm sayının sıfır olması ehtimalı 10.02%, 1 nəfərin ölməsi ehtimalı 23.06%, 2 nəfərin ölmə ehtimalı 26.52%, 3 nəfərin ölmə ehtimalı 20.33%, 4 nəfərin ölmə ehtimalı 11,69%, 5 nəfərin ölmə ehtimalı 5.37% olmuşdur.

Sadəcə və sadəcə hər gün avtombil qəzalarında ölən ortalama insan sayının 9 və daha çox olması ehtimalı təxminən sıfıra bərabərdir. İlk 9 aylıq nəticələrə əsasən gələcək günlərdə baş verəcək avtomobil qəzalarında ortalama olaraq öləcək insan sayına aid ehtimallar isə, Qrafik 2-də göstərilmişdir.

Qrafik 2-də verilən məlumatlara əsasən, gələcək günlərdə baş verəcək avtomobil qəzalarında heç bir adamın ölməmə ehtimalı 90%, ən az bir nəfərin ölməsi ehtimalı 66.9%, ən az iki nəfərin ölməsi ehtimalı 40.4%, ən az üç nəfərin ölməsi ehtimalı 20.1%-dir.

Göründüyü kimi, nəqliyyatın tənzimlənməsi, sürücülərin marifləndirilməsi, qəzalarda xəsarət alanlara təcili tibbi yardım xidmətinin göstərilməsi prosesinin təkmilləşdirilməsi həyata keçirilməzsə hər gün 66.9% ehtimalla ən az bir vətandaşımızı avtomobil qəzasına qurban verəcəyik.

 

 

Nicat Qasım

Gununsesi.info