Dini düşmənçilik, dini radikalizm ideyalarını yaymağa çalışanlar dini etiqad azadlığı mühitindən çox məharətlə istifadə edirlər.
Gununsesi.info xəbər verir ki, bu fikri ilahiyyatçı ekspert Rəsul Mirhəşimli Media və Mülki Cəmiyyət İctimai Birliyinin Qusarda təşkil etdiyi dəyirmi masada çıxışı zamanı deyib.
Media və Mülki Cəmiyyət İctimai Birliyinin “Şimal bölgəsində gənclərin dini radikalizm təzahürləri ilə mübarizə yönümündə maarifçilik aksiyalarının təşkili” mövzusunda növbəti tədbir Qusarda keçirilib.
Layihə rəhbəri, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov tədbirin keçirlməsinin əhəmiyyəti barədə məlumat verərək deyib ki, məqsəd gənclər arasında dini tolerantlıq, multikultralizm dəyərlərinin təbliği, eləcə də, radikal ekstremizm, dini radikalizmə qarşı mübarizəni aşılamaqdır. Layihə rəhbəri bildirib ki, dövlət-din münasibətləri Azərbaycanda xüsusi yer tutur: “Tolerantlıq ənənələrini qoruyub saxlamaq dövlət siyasətinin əsas prioritetlərindən biridir. Ölkəmizdə tolerantlıq, multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir. BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilməsi, ölkəmizdə 2016-cı ilin “Multikultralizm ili” elan olunması Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir”. Mövzu ilə bağlı məruzə edən dini ekspert Rəsul Mirhəşimli müasir dövrdə bütün dünyada geniş vüsət alımış və əsas qlobal təhdidlərdən birinə çevrilmiş dini ekstremizm – dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm əməlləri barədə auditoriya iştirakçılarını məlumatlandırıb. Məruzəçi qeyd edib ki, bu problemlərə qarşı Azərbaycanda preventiv tədbrilər görülür. 05 dekabr 2015-ci il tarixdən “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun qüvvəyə minib. Müvafiq dövlət qurumları, xüsusən Dini İşlər üzrə Dövlət Komitəsi tərəfindən maarifləndirici tədbirlər həyata keçirilir. Azərbaycan hökuməti Dövlət Komitəsi tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri vasitəsilə müsəlmanların inteqrasiyasını stimullaşdırır. R.Mirhəşimli qeyd edib ki, aparılan müşahidələr, təhlillərə görə, Azərbaycanda dini ekstremizm ideologiyasını yaymağa çalışan qüvvələr adətən gəncləri hədəf götürərək lokal ocaqlar yaradır, ilk növbədə burada möhkəmlənməyə çalışaraq, dayaq nöqtəsi kimi istifadə edirlər: “Bu zaman elə region və rayonlar seçilir ki, məzhəb və dini fərqliliklərdən istifadə etmək mümkün olsun. Ötən il Nardaran qəsəbəsində baş verənlər göstərdi ki, dini düşmənçilik, dini radikalizm ideyalarını yaymağa çalışanlar dini etiqad azadlığı mühitindən çox məharətlə istifadə edirlər. Təcrübə göstərir ki, bir çox hallarda izibati, cəza metodları səmərə vermir və maarifçilik, gənclər arasında təbliğat daha məhsuldar olur”.
Digər çıxışçılar da öz çıxışlarında dini radikalizmə və dini ekstremizmə qarşı mübarizə beynəlxalq xarakterli bir məsələ olduğunu dilə gətirdilər və buna görə bütün dövlətlərin həmrəy olmasının vacibliyini bildirdilər. Çıxış edənlərin gəldiyi başlıca qənaətə görə, dini radikalizmi və dini ekstremizmi nəticədə terrora gətirib çıxarır və bu xristian terroru da, müsəlman terroru da ola bilər. Terrorunsa, milliyyəti, dini , cinsi olmadığından burada dövlətlərin əməkdaşlığına böyük ehtiyac var.
Dəyirmi masada gənclər, yerli ilahiyyatçılar, rayonun tanınmışpedaqoqları, müxtəlif dini konfessiya və müvafiq dövlət qurumlarının təmsilçiləri iştirak ediblər.
Mürtəza
Gununsesi.info