Ekspert: “Naziri çox böyük adam bilməyin, onun əlində imkanlar yoxdur”

ir neçə gün əvvəl Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimovun öz məktəb yoldaşı tərəfindən qətlə yetirilməsi ölkə gündəmində rezonans yaradıb.

Baş verən hadisə son dönəmlər orta ümumtəhsil müəssisələrindəki kriminal, zorakılıq hallarını yenidən gündəmə gətirib. Müzakirələr fonunda Elm və Təhsil Nazirliyi ciddi tənqid olunur. Bildirilir ki, Nazirliyin bu istiqamətdə gördüyü işlər qənaətbəxş deyil, təhsil sahəsində bir çox mühüm problemlər zamanın axışına, zamanla düzələcəyinin ümidinə buraxılıb…

Təhsil eksperti Nabatəli Qulamoğlu da Pravda.az-a açıqlamasında deyib ki, bu fikirlə razı deyil:

“Zamanın axarına buraxsaq, görərik ki, zaman tədricən istənilən hadisəni, mühakiməni korrektə edir. Günlük iqtisadi həyatımızı müqayisə edək. 50 il bundan əvvəl necə yaşayırdıq? Məsələn, mən həftədə 1 dəfə ət yeyə bilmirdim. İndi isə gündə ət yeyə bilirəm. Yəni bu, həyatın qanunudur. Həyat bəzi şeyləri yaxşıya doğru korrektə edir. O cümlədən söhbət tərbiyənin korrektə olunmasından gedir. Bizim tərbiyəmiz onsuz da zamanın öhdəsinə buraxılıb. Zaman tərbiyəni də get-gedə daha yaxşı, keyfiyyətli səviyyəyə gətirməlidir. Bəs niyə əksi baş verir? Bax, bu, sualdır. Ona görə əksi baş verir ki, bizim cəmiyyətimizin özündə nöqsan var. Cəmiyyət bütövlükdə “cinayətkar”dır. Hara addım atırsansa, aqressiya ilə qarşılaşırsan. Elə həmin aqressiyadır ki, məktəbdə də, uşaqlar arasında da öz əksini tapır. “Əvvəllər məktəblərdə belə hal olmayıb, məktəbli məktəblini qətlə yetirməyib” fikri ilə razı deyiləm. Təqribən, 10 il əvvəl belə bir hadisə Cəlilabadda olmuşdu. Azərbaycanda siyasət məişət həyatına keçir. Siyasəti korrektə etmək, düzəltmək lazımdır. Maşınla yola çıxırsan, tıxac varsa, orada da siyasətin payı var. Ərlə arvad dalaşırsa, bunda da siyasətin payı var. Dalaşmaq nəyin üstündə olur? Ya yemək-içməkləri azdır, ya da geyimləri. İstəsək də, istəməsək də, siyasət həyatımıza təsir edir. Heç olmasa, iqtisadiyyata azadlıq verilsə, iqtisadiyyat özü yavaş-yavaş siyasəti korrektə edər”.

N.Qulamoğlu Gəncədə baş verən hadisəyə görə Elm Və Təhsil Nazirliyinin tənqid olunmasına belə münasibət bildirib: “Burada Elm və Təhsil Nazirliyi tərəfindən addım atılası bir şey yoxdur. ETN nə edə bilər ki? Burada iş artıq hüquq-mühafizə orqanlarınındır. Tutaq ki, ETN məktəblilərin davranış qaydaları barədə uzun bir bəyanat yaydı. Onsuz da əxlaq kodeksimiz, məktəblinin davranış qaydaları, qanunlar var. Sadəcə, əməl olunmur. Bütün jurnalistlərdən xahiş edirəm, ay jurnalistlər, bu elm və təhsil nazirini çox böyük bir adam bilməyin. Yəni onun əlində elə bir imkanlar yoxdur. Ona deyirlər ki, belə et, o da belə edir. İntellektual qabliyyətli, təhsilin işıqlı gələcəyini görə bilən adamdır. Mən bunu vicdanımın hökmü ilə deyirəm. Çox vaxt bizim cəmiyyətdə onu başa düşmürlər, lağa da qoyurlar. Amma bu adamın imkanı yoxdur. İmkan icra orqanlarının, icra hakimiyyətlərinin əlindədir. Onlar edirlər, səbəb onlardır. Bir ölkənin ki, 10-15 icra başçısı talan üstündə həbs olunur, onun məktəbində niyə qətl olmasın?”

 

Gununsesi.info